Səhər



 

  Qulağımın dibindən nəsə sürətlə vızıldayıb keçdi. Heç nə olduğuna baxmadım belə. Onsuz da yay gecəsi yatmağa qoymayan ağcaqanadlar kimi güllələrin sürü ilə başımızın üstündən sıvışıb keçməsi adi hadisə idi. Xüsusilə də belə bir gecə də… Dünəndən, ya da birisigündən, bəlkə də ondan əvvəlki gündən bəri davam edən atışma elə adi hal almışdı ki, nə vaxt bu işıqlı vızıltılardan qorxmaqdan əl çəkdiyimi xatırlamıram belə. Yenə də hər ehtimala qarşı şilemi gözlərimin üstünə basdım. Üzümə bir kölgə düşdü. Əlimin kölgəsi. Kölgə? Işıq haradaydı axı? Belə vaxtlarda işıq heç vaxt yaxşı şey deyildi. Qaranlıq sənin dostundu. O səni gizlədir, qoruyur, görünməz edir. Nə qədər kəskin nişançı olursa olsun, qarşı tərəf güllələri kor-koranə atır. Çünki qaranlıqdır, gecədir…
    Ah, gecə bitib. Gözlərimin düz qarşısındaki təpələrin üstü alov-alov yanır. Yox, bu oda verilmiş kənd deyil, ya da bombalardan alov almış ağaclar. Heç yanan canlı-qanlı insan deyil. Elə olsaydı dəhşətlə çığırardı, çabalayardı, sanki kimsə ona kömək edə bilərmiş kimi köməyə çağırardı. Bilirəm, görmüşəm.  Təpələri “yandıran” günəş idi. Sarı, qırmızı, narıncı – gözəl rənglərdir. Bunlardan birini əvvəllər çox sevirdim. Amma burada o qədər gördüm ki… Yox, günəşdə olanlar gördüyüm rənglər deyildi. Sarı –səngərin digər tərəfindən yağış kimi yağan güllələrin izi olan sarıya bənzəmirdi. Narıncı – gözlərimizin özündə yanan hər şeyin alovundakı narıncıya bənzəmirdi. Qırmızı – eh, bu qırmızını necə axan, yapışqan, yarı metalik, yarı çiy ət qoxusu verən “qırmızı” ilə müqayisə etmək olar axı?. Günəşin rəngləri çox fərqli idi. Heç görmədiyim rənglər… Yox, yox, görmüşəm! Ax, əlbəttə, çox görmüşəm. Eynidir. Bundan, buradan əvvəlki həyatımda . Özüdür ki, var! Sadəcə təsəvvür et ki, vızıldayan güllələr əvəzinə civildəşən səhər quşları, nəmli, barıt qoxusu verən torpaq əvəzinə yumuşaq çarpayı var. Günəş də arxasında darmadağın olmuş kəndlər olan təpələr əvəzinə pəncərənin pərdə arasından sənə boylanır. Bax, yenə gözlərimi qamaşdırır, oyanmağa çağırır. İstəmirəm. niyə oyanım axı? Onsuz da bir azdan anam çağıracaq. Məktəbə gecikdiyimi deyəcək, qapını döymədən otağıma girib dünən allah bilir harada çıxardığım paltarlarımı axtara-axtara deyinəcək.
-          Bir az daha yatmaq istəyirəm…
   Yollara tökülüşən nadinc uşaqların çığırtısı… Yox, bu çığırtı başqadır. Başımı sola çevirdim.  Çığıran “ağcaqanad”ın dişlədiyi şiləmi kənara uçmuş xaki paltarlı böyük adam idi. Çığırtısı başladığı imi də kəsdi. Özünü arxaya- səngərin dibinə atdı. O qədər sürətli oldu ki, heç üzünü yaxşı görə bilmədim də. amma deyəəsn tanış gəlirdi. Tanıyırdım, uzun müddətdir tanıyırdım axı onu. Adı nə idi? Hə, Əhməd. Onun da  yuxusu gəlib deyəsən. Gicgahından yarı metalik, yarı çiy ət qoxusu verən qırmızı axa-axa yatır.
        Mən də yatmaq istəyirəm.

    Silahimi daha bərk sinəmə sıxdım. Hə, tətiyi çək, görüm! Belə gözəl sübh çağı?... Yox, aldanma! Gözlərini qamaşdıran günəşə fikir vermə, sola baxma, o qoxunu içinə çəkmə, tətiyi çək! Bilirsən axı, bir dəfə çəkəndən sonra arxası çox asandır. Lap uşaq vaxtı kəndə odun kəsməyə gələn əminin elektrikli mişarı kimidi. Bircə dəfə ipi çəkəndən, işə düşəndən sonra dayanmaz, dayanması mümkün deyil. Hə, hə, bilirsən, çətini ilk gülləni atanacandır. Dəfələrlə etmisən axı.

        Bir az daha yatmaq istəyirəm…!

    Gurultuya yaman diksindim. Əlimdəki avtomatdan  belə gurultu çıxa bilməz, yoxsa qulaqlarım yenə küyə düşüb?  Bu nə səsdir, uğultudur, səssizilikdir, hissizlikdir… Gözlərimin qabağındakı günəş toz buludu arxasında yox oldu. Eynilə yaz səhərləri yorğanı başıma çəkəndə olduğu kimi…
    İsti yataq, bədənini çulğayan şirin səhər yuxusu, otağına dolan, gözlərini yandıran sübh günəşi. Ondan qaçmaq üçün üstümə çəkdiyim qalın yorğan… Qalın, barıt və yarı metal, yarı çiy ət qoxusu verən nəmli yorğan. Bütün bədənimi örtən, isidən, məni işıqdan, səsdən, açılan yeni səhərdən, oyanmaqdan – günəşdən qoruyan qalın yorğan. Yamanca yuğum gəlir, lap gözlərim yumulur.

   Hə, mən bir az daha yatmaq istəyirəm… Yatmaq istəyirəm!
  

                        *****
  Oyanmaq istəyirəm…
   


                                                                   Son

Hiç yorum yok: