Etiraz

           Məhkəmə salonunun ağır havası onu sıxırdı…
     Bəlkə də elə dünyadakı bütün məhkəmələr insanı özünü günahkar hiss etdirmək üçün belə qurulmuşdu: soyuq, boğuq rənglərə boyanmış divarlar, estetik zövqdən uzaq taxta masalar və ən əsası, yuxarıdakı iri masasından aşağıdakı kiçik, barmaqlı kürsüdəki sənə mühakimə edən nəzərlərlə baxan hakim. Arxada duran tamaşaçılardan tutmuş yanındakı vəkilə qədər hamı, hərkəs sənin günahkar olduğuna əmindir. Sakitcə oturub, sənin məlum olan cinayətinə arsızcasına etiraz etməyinə istehza ilə baxırlar. Istər ən mərhəmətsiz cinayətkar ol, istər dünyanın ən məsum adamı  - bu vəziyyətdə özünü günahkar kimi görməyən insan tapılmaz.
     Bir vaxtlar 46 yaşında olan köhnə qəssabın  alnından tər süzülürdü. Kürsüdən iri, buğum-buğum barmaqları ilə bərk yapıb özünü güclə ayaq üstə saxlayırdı. Bir himə bənd idi ki, titrəyən dizləri boşalsın və soyuq döşəməyə sərələnsin. Heç buna peşman da olmazdı, əksinə, sevinərdi. Həyəcanla döyünən ürəyinin guppultusunun əks-səda verdiyi beynində minlərlə qorxu və şübhə cövlan edirdi. Gözləri ürkmüş vəhşi heyvan kimi dayanmadan salondakıların üzlərində qaçışır, bir dayaq nöqtəsi, ya da ən azından ona iyrənərək baxmayan bir cüt göz axtarırdı. Halbuki, bu salonda gülümsəyən bir üz tapmaq ona iyrənərək baxmayan üz tapmaqdan dəfələrlə asan idi. Çarəsizliyini başa düşüb gözlərini bir nöqtəyə zillədi: hakimə.
     Ulu İblis yorğun, şişmiş gözlərini yavaşca araladı. Qarşısında titrəyən dolu bədənli adamı həm gördü, həm də görmədi. Bəşəriyyətin başlanğıcından bəri buradaydı və sonuncu bəni-Adəm ölənədək burada olacaqdı. Min, bəlkə də milyon illərin yorğunluğu çoxdan qan qırmızı gözləri ilə bəni-Adəmlər arasında pərdə çəkmişdi, ya da onları heç vaxt görmək istəməmişdi…
-          Etirazınızı ifadə edin.
Qoca qəssabın bədəni gizildədi. Qurumuş dodaqlarını yalayıb zorla udqundu. Ürkək səslə fısıldadı:
-          Etiraz edirəm… - səsi kəsildi.
     Ulu İblis salonda səssizlik yaratmaq üçün əlini qaldırdı. Heç kim danışmırdı, hətta kiminsə iç çəkdiyini, udqunduğunu və ya nəfəs aldığını belə eşitmək mümkün deyildi. Amma qəssabın beynindəki səs-küy bir anda kəsildi. Elə həmin an dərk etdi ki, bayaqdan ürək döyüntüsü zənn etdiyi səs-küy əslində beynində dolaşan fısıltılar imiş. Hə, əlbəttə, ürək döyüntüsü necə ola bilərdi, axı, o ölmüşdü…
     Ölüm… Dumanlı fikirləri yavaş-yavaş aydınlaşırdı. Axı, o, ölmüşdü, nəfəs almırdı, ürəyi döyünmürdü. Amma canlı olan vaxtları ilə eyni formada olan bədənində burada, hakimin – Ulu İblisin qarşısında idi. Hə, çünki o etiraz etmişdi. Səhv etmişdilər, ona etmədiyi günahı yükləmişdilər. Onu yoldan çıxarmışdılar…
-          Etiraz edirəm ki, mənə etmədiyim günahı yazıblar.
     Qəssabın beynindəki fısıltılar geri qayıtdı. Bu dəfə o qədər çox səs-küylü idilər ki, Ulu İblis əlini qaldıranda qaşlarını çatmalı olmuşdu. Bu ani səs-küydən, o, güclə ayırd edə bilmişdi ki, bunlar gülüş səsidir. Ona gülürdülər. Bu onu daha da qəzəbləndirdi, qorxusunun böyük hissəsi uçub-getdi. Artıq səsi daha bərk çıxırdı:
-          Hə, etmədiyim günahı. Mən heç kəsi öldürməmişəm, amma ora yazılıb ki, mən insan öldürmüşəm! -  deyib, Ulu İblisin qaşlarının yenə çatıldığını görüb səsini alçaltdı, -  Mən heç kəsi öldürməmişəm…
     Ulu İblis əlini tənbəl-tənbəl qaldırıb heçlikdə var olan dəftəri vərəqlədi. Bir səhifədə dayanıb göz gəzdirdi. Birnəfəsə oxudu:
-          Bəni-Adəm, Yer vaxtı ilə saat 11:45:18-də qarıya qoyduğu ətdən onu baxmamasından istifadə edərək bir tikəsini piştaxtanın altına soxmuşdur. Beləliklə, Yer vaxtı ilə saat 19:03:21-də o, bir insan öldürdü.
-          Həmin ət zə-zəhərli idi? – qəssabın dili topuq çalırdı, - ya xarab olmuşdu? Bəlkə o ətdə bir xəstəlik var idi? Hər necə olubsa, bu n-necə mənim günahım olur ki?
-          Bəni-Adəm, nə ət zəhərli olub, nə də xarab. Amma sən bir insan öldürmüsən.
     Qəssabın qorxudan bədəni əsirdi. Həmin günü yadına salmağa çalışdı. Hə, bir qoca qarı var idi. Hər 2-3 gündən bir ondan ət alırdı. Həmişə də eyni çəkidə - bir kilo! Dəfələrlə elə olmuşdu ki, bilərəkdən ət əvəzinə sümük yığmışdı torbaya. Amma çəki düz olduğundan qarı bir dəfə də olsun etiraz etməmişdi. O gün isə həm qarının fağırlığı, həm də ona diqqət etməməsi qəssaba cəsarət vermişdi, nəfsinə güc gələ bilməyib paketə qoyduğu yağlı tikələrdən birini cəld götürüb piştaxtanın altına dürtmüşdü. Bunu xatırladıqda bir az utandığını, hətta tərlədiyini hiss etdi. Amma yenə də özünü günahkar hesab etmirdi. Axı o adam öldürməmişdi, günahı təkcə bir tikə ət oğurlamaq idi! Bunu kim eləmirdi ki? Fikirləşmədən belə edən tanıdığı 4-5 qəssab saya bilərdi. Hələ dükançını, paltar satan Arifi, göyərti satan xalanı demirəm! Başqalarının oğurladıqlarının yanında bu nə idi ki?. Lap elə böyük günah olsun, yenə də adam öldürməklə müqayisəyə gəlməzdi. Bundan cəsarət alıb mızıldandı:
-          Mən adam öldürməmişəm. Axı, bu ədalətsizlikdir…
     Ulu İblisin yarı-yuxulu gözləri aralandı. Çökmüş çiyinləri dikəldi. Üzündəki yorğun ifadəni qəzəb əvəz etdi. Elə bir qəzəb ki, ona baxmaq belə qəssabın qorxu və dəşətdən yerindəcə quruyub qalmasına kifayət etmişdi. Uzun üzü q dartıldı, qan qırmızısı gözləri min illik odun şölələri kimi parıldadı, bütün bədəni heçlikdəki qaranlığa gömüldü.  Çox keçmədi ki, yaşasaydı onu bir daha öldürəcək qədər qorxunc bir kükrəmə salonu doldurdu:
-          Ədalətsizlik! Budur ədalətsizlik?! Bəni-Adəm ədalətsizliyin nə olduğunu bilmir. Ədalətsizlik odur ki, mən, enerjinin ən saf halından – oddan yaranmış İblis, üzərində min cür həşarət, pislik, çirk gəzdirən torpaqdan yaranmış Adəm oğlu ilə qarşı-qarşıya durmuşam! Budur ən böyük ədalətsizlik, haqsızlıq! Bəşəriyyət tarixinin ən böyük ədalətsizliyini Tanrı etdi, Bəni-adəm, İblisi Adəmdən aşağı görərək! Bura -  Ulu İblisin məhkəməsi isə nə yerdə, nə də göydə görə bilməyəcəyin ədalətə sahibdir!
     Qəssab qorxusundan başını qaldırmağa belə cəsarət etmirdi. Yenidən cəsarətini toplaması uzun çəkdi. Bu müddətdə beynindəki səslər geri qayıtmış, bu dəfə bəlkə də bayaqkı kükrəyişin qorxusundan daha yavaş fısıldayırdılar. Bu fısıltılardan təngə gəlib pıçıldadı:
-          Ədalətinizə sığınıram, mən adam öldürməmişəm…
     Ulu İblis gözlərini yumub əlini yellədi. Bir anda qəssab özünü başqa yerdə gördü. Ətrafındakı əşyalar tamam fərqli idi, bir evə bənzəyirdi. Bir neçə saniyə sonra anladı ki, elə bu evdir. Hə, budur, həmin qarı da əlində paket gəldi. Nəvəsini çağırıb paketi soyuducuya yerləşdirməsini tapşırıb, toyuqlara dən verməyə getdi. Dəcəl uşaq cəld paketdən qəssabın böyük şövqlə ətini sıyırdığı balaca sümüyü götürüb nənəsinin ardınca həyətə qaçdı. Fıştırıq çalıb köpəyi çağırdı. Iri, qəhvəyi rəngli köpək elə bil yerin altından çıxdı-bir andaca balaca uşağın qarşısında bitib quyruğunu bulaya-bulaya qarşında atılıb düşməyə, pəncələrini sinəsinə qoymağa başladı. Uşaq gülə-gülə gah əlindəki sümüyü aşağı salıb onu onu fıştırıqlayır, gah da əlini yuxarı qaldırıb tullanmasına tamaşa edirdi. Görünür, bu onların çoxdan oynadıqları bir oyundur. Ikisi də bundan zövq alır, əylənirlər və ikisi də bilir ki, bu oyunun sonu uşağın guya bilməyərək sümüyü köpəyin qapmasına icazə verməsi ilə nəticələnəcək. Elə belə də oldu. Köpək şirin-şirin sümüyü gəmirəndə uşaq uzaqdan hindən qayıtdığını gördüyü nənəsinin tapşırığını yerinə yetirməyə qaçdı. Qarı köpəyin yanından keçəndə onun pəncələri arasındakı sümüyü görüb qımışdı. Onsuz da qəssab çox sümük qoyurdu deyə nəvəsinin bu dəcəlliyinə özü bir söz demirdi. Yuxarı çıxıb mətbəxə keçdi. Əti soyuducudan çıxarıb doğramağa başladı. Doğrayb çeşidlədikcə neçə ilin evdarlı olduğu üçün nəyinsə düzgün olmadığını hiss edirdi. Axır ki, marağına güc gələ bilməyib əti təzədən paketə yığdı. Əl tərəzisini götürüb çəkdi: 800qr idi. Ətin 1kq olduğunu tərəzidə öz gözləri ilə görmüşdü. Itin pəncəsində görüdüyü sümük 200qr ola bilməzdi, deməli uşaq bu dəfə sümüklə kifayətlənməyib ona ət də atmışdı. Qaşlarını çatıb işinə davam elədi. Axşam oğlu evə gələndə ona bunu danışıb uşaqdan bir daha itə ət atmaması üçün tənbeh etməsini istədi. Atası oğlunu yanına çağırıb əti niyə köpəyə atdığını soruşdu. Uşaq bir andaca pörtdü. Deməli onun balaca oyunundan xəbər tutmuşdular. Yalan deməyib köpək üçün sümük götürdüyünü etiraf etdi. Hətta balaca əlləri ilə sümüyün ölçüsünü də çəkinə-çəkinə göstərdi. Başını aşağı əyib sakitcə danlağını gözlədi. Amma atası ondan niyə ət də atdığını soruşmağa davam edirdi. Uşaq başını qaldırıb iri, qara gözləri ilə atasına baxdı. O, ət-filan xatırlamırdı. Hətta ən yaxşı dedektiv belə onun atdığı sümüyün üstündə ət tapa bilməzdi. Elə belə də dedi. Ona gülməli gələn bu fikir atasını qəzəbləndirdi. Bu dəfə də dayanmadan niyə yalan dediyini soruşmağa başladı. Uşaq nə qədər yalan demədiyini desə də, ona inanmaq istəmirdi. Aralarındakı mübahisə elə böyümüşdü ki, qonşu otaqdan ana ilə nənə də gəlib kənarda əlləri ürəklərində durmuşdular. Qarı artıq oğluna dediyinə peşman olmuşdu. Bir tikə ət üçün belə dava yaratdığına görə özünü ürəyində söyürdü də. oğlu isə getdikcə daha da qəzəblənirdi. Axırda uşaq and-aman edib, “Vallah, mən ət atmamışam, bax, balaca, bu boyda sümük atmışam” deyəndə özünü saxlaya bilməyib ona sillə vurdu. Etdiyi andaca buna peşman oldu. Üzünü yana çevirib hələ də qəzəbli olan səslə dedi:
-          Bu sənə dərs olar, bir daha yalan deməzsən!
     Gözləri dolan uşaq heç nə demədən otaqdan qaçdı. Pilləkənləri tələsik düşüb ən axrıncı pillədə oldu. Əlini od tutub yanan yanağına tutub doluxsunmuşdu. Atasının onu vurduğu birinci dəfə deyildi, amma ilk dəfəydi ki, etmədiyi bir şeyə görə vurulurdu. Axı o yalan deməmişdi. Yalan deməmişdi, ət yox, bu boyda, balaca sümük atmışdı. Iri gözlərindən damlalar süzüldükcə qaşları çatıldı. Belə ki, ayağının altında köpəyin oyunbaz ləhləməsini eşidəndə artıq balaca ürəyi çoxdan qəzəblə dolmuşdu. Başını qaldırıb düşmən-düşmən itə baxdı. Ona sümük atdığı üçün onu danlamışdılar, hələ bir vurmuşdular, köpək isə bunu vecinə almayıb gah pəncələri üstə çöküb, gah da sağa-sola tullanıb  onu oynamağa çağırırdı.  Uşaq:
-          Rədd ol! -  deyə çığırıb, ayaqlarını yerə döydü.
     Ondan belə şey gözləməyən köpək bir an duruxdu, amma öz dostundan belə tez əl çəkmək istəmirdi. Bayaqkı sümüyün əvəzini qaytarmalıydı. Bu dəfə daha böyük şövqlə tullanmağa, hətta kəsik-kəsik hürməyə başladı. Uşağın ayaqlarına sürtünüb onu həyətə, oynamağa çağırırdı. Uşaq buna dözməyib həyətə düşdü. Həvəssiz itin yanınca getməyə başladı. Köpək isə yenə də atılıb-düşür, onun ayaqlarının arasından keçib yeriməyə manə olurdu. Onu az qala yıxmışdı. Uşaq buna qəzəbləndi. Bayaqkı hadisəni də xatırlayanda ona elə gədli ki, it bunu bilə-bilə etdi. Odur ki, əyilib ağacın altındakı çubuğu götürüb itə vurdu. It yüngülcə zingildədi, lakin onun yanından əl çəkmədi. Uşaq bir daha vurdu, birini də, birini də… Artıq köpəyin zingiltisi səsi həyəti götürmüşdü. Amma nə uşağa hücum edirdi, nə də kənara qaçırdı. Pəncələri üstünə çöküb yazıq-yazıq zingildəyirdi. Uşaq isə qəzəbdən pörtmüş üzü ilə ona  vurmağa davam edirdi. Itin səsi və baxışları onu daha da əsəbiləşdirirdi. Birdən əlindəki çubuğu bütün gücü ilə köpəyin üzünə çırpdı… İt zingildədi, uladı.
     Çubuq qırılıb gözünü tökmüşdü…
     Uşaq köpəyin gözündən axan qanı görüb quruyub qaldı. Çubuq sürüşüb əlindən düşdü. Qeyri-ixtiyari geriyə bir addım atdı. Bu ağrıdan özünü itirmiş it üçün işarə oldu. Bir andaca uşağın üstünə atılıb, onu yerə yıxdı. Uşaq ağrıdan çox itin qanlı üzünü yaxından görməyin dəhşəti ilə çığırdı. Bayaqdan səs-küyə görə onsuz da narahat olan ailə cəld evdən həyətə qaçdı. Ana uşağı o halda görüb qıyya çəkib yerə yığıldı. Nənə isə əllərini dizlərinə vurub çığırır, qonşuları köməyə çağırırdı. Ata evin divarına söykənmiş yabanı qapıb sapı ilə iti vurmağa başladı. Bu, bayaqdan döyülən iti daha da quduzlaşdırmaqdan başqa heç nə etmədi. Köpək güclü çənəsi ilə uşağın qolundan yapışıb xırıldayır, heç bir vəchlə onu buraxmaq istəmirdi. Birdən itin çənəsi boşaldı. Havaya qalxıb geriyə tullandı. Uşaq özünə gəlməmiş anası ilə nənəsi üstünə qaçıb onu yerdən qaldırdılar. Anlaşılmaz sözlər içərisində qulağı ancaq “can bala!”, “Allah qorudu!” kimi sözlər eşidirdi. Onlar qolu ilə maraqlananda başını çevirməyə fürsət tapdı. Gözləri gördüyü mənzərənin dəhşəti ilə sonuna qədər açıldı: atası itin qarnından yabanı çəkib çıxarırdı. Zingildəməyə belə halı olmayan itin sinəsi tez-tez qalxıb-enirdi. Qan içində olan üzü ona tərəf idi, salamat olan tək gözünü ona zilləmişdi. Uşaq ağzını açmağa macal tapmadan yaba yuxarı qaldı.
     Yaba itin qana bulaşmış başı üzərində endi…
     Sümüyə dirənən dəmirin səsi ilə son zingilti uşağın qulaqlarında cingildədi. İsti qanın iyi burnuna dolmağa başladı. Dəhşətdən üzü səyriyirdi. Axır ki, balaca ürəyi buna tab gətirmədi. Gözləri yumulub anasının qollarına yıxıldı...

     Qəssab dizləri üstünə çökəndə daş döşəmənin soyuqluğunu hiss etdi. Başını qaldırdı. Yenə orada, məhkəmə zalında idi. Buna sevindi, elə həmin andaca bu sevincinə görə utanc duydu. Başını aşağı salıb pıçıldadı:
-          Uşaq… Uşağın ürəyi partlayıb, öldü, hə?
-          Öldü? – İblis təəccüblə qaşlarını qaldırdı, - Yox, yox, yaşadı. Hələ uzun illər yaşadı.
     Qəssab çiyinlərindən ağır yük götürülmüş kimi rahatlaşdı. Hə, uşaq ölməmişdi, o öldürməmişdi! Bu fikirlə başını qaldırıb qorxa-qorxa soruşdu:
-          Bəs… Bəs onda mən kimi öldürmüşəm?
-          O, yaşadı. Əlindəki yaranın izi belə qalmadı. Böyüdü, gəzdi, əyləndi, vurdu, döydü, oğurladı, öldürdü… Sən, Bəni-Adəm, bir insan öldürmüsən.
     Qəssab yenə etiraz etmək istəyəndə gözünün qabağına uşağın dəhşətdən səyriyən üzü gəldi. Dəmirin sümüyə dirənməsini indi də eşidə bilirdi. Beynindəki artan fısıltıların səs-küyü belə bu səsin qarşısında aciz idi. Əllərini qulaqlarına tutub zarıldadı:
-          Mən bilmirdim… Hardan bilə bilərdim… Hamısı nəfsin, şeytanın işləridir! Hələ indi də məndən əl çəkmirlər!
İblisin üzü istehzalı bir təbəssümlə əyildi. Yorğun gözlərini yumub aramla danışmağa başladı:
-          Bəni-adəm, bəşəriyyətin başlanğıcından bəri heç bir şeytan bir insan öldürməyə, ya da bunu təlqin etməyə cəsarət etməyib. Bircə fısıltısı ilə minlərlə bəni-adəmi qılıncdan keçirdən, yüz minləri öz qanında boğan, milyonları külə döndərən şeytanlarım var. Tənbəllik, paxıllıq, acgözlülük, şəhvət düşkünlüyü, qəzəb və daha neçə-neçə günaha bütün bəşəriyyəti batırmaq mənim əlimdə oyuncaqdır. Fəqət, - Ulu İblis gözlərini açıb qəssaba diqqətlə baxdı, -  mən belə bir insanı öldürməyə cəsarət etmərəm.
     Bu ana qədər ürəyində azca da olsa günahsızlığına inam qalmış qəssab İblisin baxışları qarşısında sarsıldı. Ona baxan gözlər həmin uşağın səyriyən üzündəki gözlərlə eyni idi. Ilk dəfə günahını bütün dəhşəti ilə dərk etdi. Iri açılmış gözlərini boşluğa dikib ixtiyarsız fısıldadı:
-          Mən günahkaram…
     Beynindəki səslər bir anda susdu. Çox keçmədən bu dəfə çığıra-çığıra beynində cövlan etməyə başladı. Səslər əvvəlkindən dəfələrlə daha yüksək, qarmaşıq olsa belə bu dəfə qəssab onları aydın eşidirdi:
-          Sən günahkarsan!
Hə, bura gəldiyi andan bəri, ya da bundan çox-çox əvvəl eşitdiyi fısıltılar bunu deyirdi.
İblisin toxmaq tutan əli havaya qalxdı:
-          Bəni-adəm, etirazınız rədd edilir! Sən, bir insan öldürmüsən!
     Toxmaq masaya çırpılan kimi bütün səslər kəsildi. Sonsuz sükutun içində qəssab yavaş-yavaş heçliyə qarışırdı. Bunu hiss etmirdi. Tək gördüyü, hiss etdiyi uşağın səyriyən üzü və Ulu İblisin gözləri idi…
                                       

                                                    *****
          Məhkəmə salonunun ağır havası onu sıxırdı…

     Bəlkə də elə bütün məhkəmələr günahkar olduğun üçün qurulmuşdu…

Hiç yorum yok: