Alqernon üçün güllər - Daniel Kiz


 Alqernon üçün güllər.
Deniel kiz.
   Bu kitab haqqında Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.

   Kitab, Çarli adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin onu sevəcəyinə əmindir.  Bu sınaq isə ən birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa başlanır. Alqernon, zəkasını itirir...

   Əsərdə əqli cəhətdən zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq, dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli, uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər qoyduğunu dərk edəcəyi  travmalar sayəsində “ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət verir. Məncə, elə əsərin ana fikri də budur:  çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə başlayanda  “qəzəb” və “şübhə”ni kəşf edənədək bunu hiss etmirdi.  Qəzəb – onu araya qoyan uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə.  Adi bir insanın illər ərzində öyrənəcəyi, hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...

    Digər bəyəndiyim nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür. Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda qoyur, zehnini  ona bağlayır. Məncə, əsərin dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.

    Ağır=ağır xatirələrini dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri, ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik Çarli ona icazə verir.

    Çarli iç dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca heyrətlənir.  Zəkasının ən pik nöqtəsində isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir – Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən aşağı olacaq.  Beləcə, qalan az vaxtını bu araşdırmaya sərf etməyə qərar verir...


   Əsərdə toxunulan digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!” olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin, artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət kimi dəyərləndirməyi seçirəm.

   Qaranlıq qalan tək nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
   Ümumilikdə əsəri yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq, onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.


Hiç yorum yok: