Monte Kristo Kontu

      

 Monte Kristo kontu
Hardasa, 2 həftə əvvəl televiziyada bir filmin başldadı və mən adını səsli şəkildə oxudum: Monte Kristo kontu.  Atam, bu adın tanış gəlib- gəlmədiyini soruşdu. Bir kitab adı olduğunu bildiyimi və böyük ehtimalla oxumadığımı dedim. Atam əsəri oxuduğunu deyib, ümumi məzmunu danışmağa başlayanda isə, onu dayandırıb “ bu insan həpsxanadan qaçmaq üçün ölü birinin  yerinə keçmir ki? Sonra, onu dənizə atırlar?.”, “bəs oxumamışdın?” –dedi atam və mən hələ də əvvəllər oxumadığımı düşünürəm. bu hissəsini necə bildiyimi isə, anlaya bilmirəm. elə həmin gün, pdf versiyasını yüklədim və oxumağa başladım. 1 saat əvvəl bitdi...

Bir intiqam hekayəsidir bu. Uzun, bəzən cansıxıcı və insanı təəccübləndirən bir intiqam hekayəsi. Gənc, dəli-dolu və nəşəli bir dənizçi olan Edmond Danteslə başlayır əsər. Atasını sevən, Mersedesə aşiq, cəmi 1 dəfə kapitanı ola bildiyi “Firon”un anbarında qaçaqmal bir qutu tütün, bir neçə top parçada gətirməkdən başqa bir cinayət işləməmiş bu məsum adam. Sonra, bu adam xəyanətə uğrayır. Onu 14 il İf köşkünə həbs edən 3 nəfərin paxıllığı və 1 nəfərin hərisliyidir. Öncə ölmək istəyir Dantes, sonra isə intiqam... Ona yaşama ümidini verən də,  içindəki intiqam odunun yanmasına da səbəb olan da dəli keşiş Faria olur. Bəlkə, Edmondun edəcəklərini bilsəydi, illərdir kimsəyi var olduğuna inandıra bilmədiyi xəzinəsini ona verməzdi, onsuzda ən qiymətli xəzinəsini- bilgisini vermişdi axı!

  Əsərin başından dəstəklədiyim Edmond Dantes ölür və yerinə əsərin sonuna qədər anlaya bilmədiyim Monte Kristo kontu gəlir. Elə hər şey burda başlayır...  sadəcə kiçik bir paxıllığın qurbanı olan bu adam, bu dəfə onu arxadan bıçaqlayanların qarşısına güclü, varlı və şeytanı belə aldadacaq qədər hiyləgər olaraq dikilir. Özünün sözü ilə desək “ əllərimə öldürməyi öyrətdim, gözlərimə onlar əzab çəkərkən izləməyi öyrətdim və dodaqlarıma onların bu əziyyətləri qarşısında gülümsəməyi öyrətdim”. Bəzən bu zalımlıq, onun özünü belə təəccübləndirdi. əsəri oxuyarkən, 2 fəsil əvvəl nəyə yaradığını bilmədiyin addımın, insanın belə intiqamı üçün bir alət olduğunu anlayırsan... sona yaxınlaşdıqca, özümə tez-tez bu sualı verdim : Edmond Dantes haradadır?. Çünki, bu başqa biri idi...

Əsər haqqında fikirlərimə gəldikdə, məni ən çox heyran edən o dövrün əsərlərində olduqca nadir görünən qadın obrazların rəngarəngliyi oldu. Klassik romantik romanların bilinən “əzab çəkən məsum” Valentinedən tutmuş, öz egosu, cəsarəti və kişi xisləti ilə bir az özümü gördüyüm Eugine,( bu arada, madmazal d”Armilly ilə münasibətləri məni şübhəyə salmadı, deyə bilmərəm) həm canavar, həm ana ola bilən madam Villefort, Coderoussonun cəmi bir dəfə görünən və yenə də məni dəhşətə gətirə bilən arvadı və daha digərləri. Bunun əksinə olaraq, kişi obrazları daha solğun idi. tam bir ana uşağı olan Albert, varlığının bir dəyəri olmayan Franz, həssaslığını heç sevmədiyim Maximilen və digərləri. ən çox sevdiyi obrazlar isə, nə qədər  əsas hadisələrdən uzaq qalsalar belə Noirter və Beauchamp oldu.

əsər, mənim əlimdəki versiyası 1350 səhifədir və etiraf edim ki, ortaları bir az sıxıcı keçir. Son 300 səhifəsini isə 3-4 saat dayanmadan oxudum. Başlanğıcı necə sakit idisə, sonu da bir o qədər səssiz oldu. Monte Kristo kontu xoşbəxt ola bildimi? Bu sualın cavabını indi verə bilmərəm. Çünki, mənə görə, ancaq o, nəşəli Edmond Dantes xoşbəxt ola bilərdi, bu qəlbini intiqam alovu qarsımış insan isə, nə qədər yaxşılıq etmişsə etsin, əsla tam olaraq xoşbəxt ola bilməz. Bu əsərin mənə öyrətdiyi bir şey varsa, o da ümidsizliyin içində yenidən doğulan insanların nə qədər qorxunc ola biləcəyidir.  O qədər qorxunc ki, məzlum ikən, zalım ola biləcək...

məncə oxunmalı əsərlər siyahısındadır, hətta, mütləq oxunmalı.


Qeyd: bu kitabı bir növ “silah gücünə” bitirdim. Bu 2 həftədə “ süpermen türk olsaydı pelerini annesi bağlardı” və “cahillikler kitabı”nı belə bitirmişkən, gündə 50 səhifə ondan oxumağa özümü məcbur edirdim. Sadəcə, bu qədər çox səhifəsi olan bir kitabın bitməsini istəmirdim deyəsən. Çünki, sonun məni əsla təmin edə bilməyəcəyini düşünürdüm. Indi isə, bundan daha uyğun bir son düşünə bilmirəm.

Hiç yorum yok: