-->

Təsadüf

Tənha bir küçədə addım səsləri əks-səda verirdi. Bir qız gecənin qaranlığında güclü yağışa fikir vermədən qaçırdı. Sanki vacib bir yerə gecikirmiş kimi bütun gücü ilə qaçırdı sadəcə. Onu isladan yağış belə vecinə deyildi. Sadəcə əlində yağışdan qorumağa çalışdığı bir vərəq vardı. Adi, qatlanmış bir vərəqin içində yazılanlar sanki onun taleyini həll edəcəkdi . Təlaşla küçənin sonuna çatdıqda bir anlıq duruxdu. Hər zaman taksilərin dayanacağı olan bu yerdə, indi cəmi bir köhnə avtomobil vardı. Amma başqa çarəsi yox idi, biraz daha geciksə onu itirə bilərdi. Qaçaraq avtomobilə yaxınlaşıb qapısını açdı, özünü oturacağa atdıqdan sonra sadəcə bir kəlmə qışqırdı:

- Sür!!!

Elçin yağışdan islanmış bir qızın təlaşla avtomobilinə minməsindən təəccüblənməyə macal tapmamış, eşitdiyi əmirdən karıxdı. Qeyri-iradi elini uzadıb avtomobili işə salarkən, olanların fərqinə indi varmış kimi arxaya döndü. Qızın ona qəzəblə baxdığını görüb qaşlarını çataraq dedi:

- Xanım, sizin burda nə işiniz var?

- Taksi tapmağa gəlmişəm. siz niyə sürmürsüz?

Elçin eşitdiyi cavabdan bir an duruxdu. İndi anlamışdı nə baş verdiyini, dayandığı yer taksi dayanacağı sayılırdı. Gülümsəyərək açıqlamağa çalışdı:

- Xanım, siz səhv başa düşmüsüz. Mən taksi deyi…

- Xahiş edirəm, tez sürün!.

Elçin qızın yalvarış dolu baxışlarından təsirlənib susdu. Əslində, o da, gecikirdi, sadəcə bir anlıq dayanmışdı orda. Həyacanın keçməsi üçün. Amma nədənsə gedəcəyi yer önəmsiz gəlməyə başladı ona. Əli ilə sükanı bərk sıxıb, pıçıltıyla soruşdu:

- Hara?

Nərgiz bilirdi bu avtomobilin taksi olmadığını, lakin o qədər ümitsiz idiki… Sürücünün sualını eşitdikdə sevinclə gülümsəyib dedi:

- Qatar vağzalı!

Avtomobil işə düşdükdən sonra başını pencərəyə söykəyib, şüşəni döyəcləyən damlalara baxdı. Xəyalında dayanmadan 2 gün əvvəl ki hadisə canlardı. Cümlələrin beynində əks-səda verməsinə mane ola bilmirdi. Hər şeyi o qədər yaxşı xatırlayırdı ki… Küçədə onun yolunu kəsən oğlan və onun həyacanla dediyi sözləri…

- Nərgiz, xahiş edirəm, bir cavab ver. 2 günə gedirəm xaricə, oxumağa. Amma səndən bir cavab almamış getmək istəmirəm. Səni sevirəm, bunu bilirsən. Bəs sən? Sən məni gözləyəcəksən?

Nərgiz utandığından başını qaldırmasa da, hiss edirdi oğlanın ümid dolu gözlərlə ona baxdığını. Tək bir kəlmə… Tək bir kəlməsi bəs edərdi. Amma o cəsarət edə bilməmişdi. O cəsarətini topladıqda isə artıq gec idi. Sevdiyi oğlan son sözünü söyləyib getmişdi:

- Bağışla, səni narahat etdim…

İndi sadəcə ovcunda tutduğu kağız parçası idi tək ümidi. O an ki cəsarətsizliyini xatırladıqca daha cox qəzəblənirdi. Yumruğunu sıxıb, əsəbiliklə pıçıldadı “axmaq!”. O anda maşının ani dayanmasından qorxub, təəccüblə sürücuyə baxdıqda, onunda eyni ifadəylə ona baxdığını görub məsələni anladı. Pıçıltı ilə dediyini zənn etdiyi sözü, əslində qışqıraraq söyləmişdi.

Elçin təəccübdən böyümüş gözlərlə qıza baxırdı. Bayaqdan maşının güzgüsündən baxdığı kədərli üz ürəyini ağrıdarkən, birdən-birə bu söz… Özünə gəlib qaşlarını çataraq dedi:

- Xanım, mənə axmaq dediz?

Qız isə utancından qızaraq sakitcə pıçıldadı:

- M-mən sizə demədim.

Elçin qızın bu halından təsirlənsədə, özünü təhqir edilmiş kimi hiss etdiyi üçün dedi:

- Necə yəni? Burda sizdən və məndən başqa kimsə varki?

- Dedim axı, sizə demədim.

- Onda, kimə dediz?

Elçinin bu israrından qız da getdikcə əsəbləşirdi. Axırda özünü saxlaya bilməyib, qəzəblə qışqırdı:

- Sizə demədim! Sürün artıq!

Elçin bu cümlədən daha da qəzəbləndi. (Cəmilə Məmmədli) Bu qızın maşınına icazəsiz minməsi bəs deyilmiş kimi, birdə utanmadan ona əmirlər yağdırırdı. Artıq buna dözməyə səbri qalmamışdı. Üzünü əsəbiliklə çevirib, yola baxaraq vecsizcəsinə dedi:

- Xanım, enin maşından.

Nərgiz eşitdiyi cümlədən dəhşətə gəldi. Bundan sonra maşın tapsaydı belə, vaxtında çata bilməzdi. Tək ümidi bu maşın idi. Buna görə son bir ümidlə pıçıldadı:

-Mən, özümə deyirdim. Xahiş edirəm, sürün, əgər vaxtında çata bilməsəm…

Cümləsinin dəvamını gətirə bilmədi. Qəhər onu boğurdu. əlini qapının dəstəyinə atdıqda, avtomobil işə düşdü. Sevinc qarışıq təəccüblə sürücüyə baxdıqda, aynadan ona baxıb gülümsədiyini gördü. Qeyri-iradi oda gülümsəyib başını aşağı saldı.

10 dəqiqə sonra artıq çatmışdı. Avtomobil dayansa da, Nərgiz enməyə tərəddüt edirdi. Sonda cəsarətini toplayıb ani hərəkətlə qapını açıb, maşından enərək qaçmağa başladı. Geniş platformdakı insanları tək-tək süzdü. Ümidini itirmək üzrə idi... Sonunda onu gördü. Tam vaxtında gəlmişdi. O əlində iri çantasıyla qatara minməyə hazırlaşırdı. Dərindən nəfəs alıb, onu səsləmək istədi. Amma bu an gözləri dəhşətdən böyüdü. Əli...əli boş idi. Son ümidi olan kağızı itirmişdi. Nə etdiyini bilmədən ətrafa baxarkən, baxışları onun gözləri ilə toqquşdu. Son bir şansı vardı, son bir şans... Amma edə bilmədi. Sevdiyi onun gözləri önündə qatara minib ondan çox uzaqlara gedərkən, onun əlindən gələn tək şey ətrfındakı insanlara fikir vermədən diz çöküb ağlamaq idi...

Elçin hələdə təəccüb içində idi. Maşınına icazəsiz minən, ancaq əmirlər yağdıran qız, indi də heç təşəkkür etmədən qaçıb getmişdi. Düşdüyü vəziyyətin qəribəliyinə gülüb, maşını işə saldı. Geriyə sürmək istərkən, arxa oturacaqdakı kağız diqqətini çəkdi. Elini uzadib kağızı götürdü. “yəqin o qızın yadından çıxıb” deyə düşünüb, kağızı açdı. Kağıza tək bir cümlə yazılmışdı: Səni sevirəm Elçin...

Elçin heç nə anlamırmış kimi kağızı təkrar-təkrar oxudu. Sonda kağızı qatlayıb öz-özünə pıçıldadı:

- Məni? Mən, onu tanımıram axı...

Nə qədər düşünsədə heç nə anlamayıb, qımışdı. əlindəki kağızı büzüşdürüb pəncərədən atmaq istəsə də, son anda fikrini deyişib, qatlayaraq avtomobilin üst bölməsinə sıxışdırdı...

5 İL SONRA:

Hər halından tələsdiyi bəlli olan gənc oğlan, ətrafa baxınıb dururdu. Buralarda taksilərin keçmədiyini bilsə də, bəlkə burda olmadığı vaxtlar dəyişmişdir ümidi ilə taksi gözləyirdi. Sonunda gözləməyin mənasız olduğunu görüb, çarəsizlikdən yolun qarşı tərəfindəki dayanmış maşına doğru getdi. Pencərənin şüşəsini yüngülcə döyüb açılmasını gözlədi. Sürücünün özü kimi gənc olduğunu gördükdə gərginliyi bir az azaldı. Sakitcə soruşdu:

- Məni “Hope” şirkətinə apara bilərsiz? İş üçün müsahibəyə gecikirəm.

Elçin yüngülcə gülümsədi. “görəsən, sürücü işləməkdi mənim taleyim?” deyə düşünüb dedi:

- Əyləşin.

Gənc oğlanın minnətdarlıq dolu bağışlarına qarşılıq gülümsəyib, avtomobili işə saldı. Yol boyu 5 il qabaq ki hadisə canlanırdı gözündə. Özü də hiss etmədən gülümsəyirdi. O kağızı hələ də saxlayırdı. Sahibini yenə görmək üçün dəfələrlə onu gördüyü yerə getsə də, bir daha görməmişdi. Gördüyü hər qızı ona oxşadırdı. Amma neçə dəfə yanılmışdı, xatırlamırdı belə. Elə indi də yanından keçdikləri dayanacaqda dayanmış qızı ona oxşatdı. “O, deyil” deyə pıçıldayıb, başını yelləyirdi ki, arxadan gələn “saxla!” əmrinə əsasən qeyri-iradi cəld əyləci basdı. Nə etdiyinin fərqində varıb, arxada otaran gəncə acıqlanmaq istəyirdi ki, onun maşından enib qıza yaxınlaşdığını gördü. Elə bu an diqqətlə baxdıqda onun həmin qız olduğunu anladı. O da maşından endikdə, gənc oğlanın qıza “Nərgiz” deyə səsləndiyini eşitdi.

- Elçin?...

Elçin, öz adını eşitdikdə donub qaldı. Onu təəccübləndirən qızın ona yox, o oğlana baxaraq adını çəkməsi idi. Bir anlıq çaşqınlıqdan sonra nə baş verdiyini anladı. Kağızda yazılan Elçin, o, deyildi, o qızın sevgisi üzünə baxmağa belə utandığı oğlana qarşı idi. Sadəcə təsadüf, sadəcə bir təsadüfə görə illərdir o qızın onu sevdiyini düşünürdü. Nə edəcəyini bilmədən səssizcə güldü. Arxaya dönüb maşınına əyləşmək istəyirdiki, qızın 5 il əvvəlki həyacanlı halı canlandı gözündə. Əlini uzadıb illərdir qoruduğu kağız parçasını götürdü. Asta addımlarla qıza yaxınlaşıb, əlindəki kağızı ona uzadıb dedi:

- Xanım bunu unutmuşduz.

Nərgiz qarşısındaki oğlanı tanımışdı. Onun uzatdığı artıq saralmağa başlayan kağız isə... Utanaraq cəld kağızı götürmək istəsədə, oğlan ani hərəkətlə kağızı illərdir görmədiyi sevdiyinə uzadıb dedi:

- Bu deyəsən sizə çatacaq. Xanım 5 il əvvəl bunu sizə vermək üçün qatar vağzalına getmişdi.

Nərgiz təəccüb içindəykən, oğlan artıq avtomobilinə minib getmişdi. Qarşısında isə əlindəki kağızı təkrar-təkrar oxuyub sevinclə gülümsəyən Elçin vardı...
Təsadüf Təsadüf Reviewed by Cəmilə Məmmədli on 11:08 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.