Portret

"Qonşu evin işıqları" kitabından...


                     Tənhalığın portreti
   Onu ilk gördüyümdə işıqlı salonun ortasında bir rəsmin qarşısında dayanmışdı. Kənardan diqqəti cəlb edəcək biri deyildi: orta boy, qısa qara saçlar, adi, bəyaz don, ona uyğun sadə ayaqqabılar. Yaxınlaşdıqca üzünün də o qədər gözəl olmadığını gördüm. Hər şeyi ilə sadə və adi idi. Amma qarşısında dayanan rəsm ilə təzad təşkil edirdi – divarı işğal edən iri çərçivə və içindəki qaranlıq... Qarşısında dayanan qadının bəyaz əlbisəsi ilə uyğunsuz idi ki, mənim diqqətimi çəkən də bu idi. Qara və ağ.
-         Tablonu bəyəndiniz?
-         Yox.
    Təəccübləndim. Mənə cavab verəndə belə nəzərlərini ayırmadığı bu tablonu bəyənməmişdi? Düzdür, sərgidəki ən gözəl əsər deyildi, lakin bir “yox”a da layiq olamalı idi. Marağım güc gəldi, soruşdum:
-         Niyə?
-         Çox bədbindir.
-         Hə, qara rəng. – başımı yellədim.
  Ilk dəfə üzünü çevirib mənə baxdı. Təzədən tabloya qayıdıb asta səslə dedi:
-         Bu qara deyil. Bu rəngarəngdir.
-         Necə? – inanmayıb, diqqətlə tabloya baxdım. Bir müddət gözlərimi zilləyəndən sonra həqiqətən da qaranlığın içində rəngarəng ləkələr olduğunu gördüm. Təsdiqlədim – Hə, doğurdan da rəngarəngdir ki! Görəsən, bu nəyin rəsmidir belə?
-         Tənhalığın portreti.
-         Nə?! Niyə belə düşünürsünüz?
 Qadın tərəddüd içində qalmışdı. Bunu barmaqlarını əsəbi-əsəbi oynatmasından anlamaq olardı. Axır ki, bir qərara gəlib dərindən nəfəs aldı. Gözlərini tablodan ayırmadan danışmağa başladı:
-         Bu gözlərini bərk-bərk yumduğunda gördüyümüz şeydir. Hər dəfəsində yox, sadəcə xüsusi hallarda. Tək olanda, gücsüz olanda, qorxanda, kədərli olanda, tənha olanda...özümüzü tənha hiss edəndə bir küncə qısılırıq, gözlərimizi bərk-bərk yumuruq, bəzən dua edir, bəzən ağlayır, bəzən də qorxudan titrəyirik. Amma gözlərimizi açmırıq. Hər şeyin keçməsi, bütün olanların bitməsi üçün açmırıq. Sanki, gözlərimizi nə qədər bərk yumsaq o qədər uzaq olarıq, o qədər uzağa qaçarıq. O qədər sıxırıq ki, gözlərimizi ağrımağa başlayır. Ağrıdan sonra rənglər gəlir, daha çox qırmızı. Rəqs edirlər. Qaçışırlar. Qaranlığın içində gözlərimizlə onları tutmağa çalışırıq... Onları görmək üçün səssizlik lazımdır, qaranlıq lazımdır, təklik lazımdır. Məncə, tənhalıq elə bu rənglərdədir. Çünki, onları görmək üçün həqiqətən tənha olmaq lazımdır. Ona görə də, bu, tənhalığın portretidir.
   Dinmədim. Təkcə gözlərimi bərk-bərk yumdum. Öncə bütün səsləri eşitməyə başladım: topuqlu ayaqqabıların taqqıltısı, adamların danışığı, səssiz fısıltılar. Içəridəki ağır havadan  kəsif boya iyini və müxtəlif ətirləri ayırmağa başladım. Üzərimdəki paltarın ağırlığını, hətta dərimdən sürünüb keçən havanı belə hiss etdim. Sonrası isə qaranlıq... Qaranlığın içində süzülən rənglər. Onların qaçışması... Ətrafımdaki hər şəyin bir-bir yoxa çıxdığını hiss etdim. Digər bütün duyğularım iflic olmuş kimi tək gördüyüm, hiss etdiyim o qara parçanın üzərinə sıçradılmış rəng paleti kimi görünən mənzərə idi. Tək hiss etdiyim... Tək hiss edə bildiyim... Hə, mən tənha idim. Elə bir tənha ki, nə əllərim çatırdı, nə səsim yetirdi, nə də dərk edə bilirdim. Elə bir tənha ki, tənhalığı belə ilk dəfə dərk edirdim. Hə, mən belə qalmaq istəyirdim. Bu keçənə qədər belə qalmaq istəyirdim...

    Bir də gözlərimi açanda onları nə qədər bərk sıxdığımın fərqinə vardım. Belə ki, gözlərimdəki bulanıq pərdənin götürülməsi üçün gözlərimi ovuşdurmalı oldum. Artıq hər şeyi təmiz görməyə başlayanda ilk gördüyüm qarşımdaki tablo oldu. Cəld nəzərlərimi başqa tərəfə çevirdim. Həmin qadın artıq yanımda yox idi. kim bilir neçə vaxtdır gözüyumulu dayanmışam. Qıraqdan görənlər yəqin “dəlidi ki, bu adam” deyiblər. Başımı yelləyib özüm öz axmaqlığıma gülümsədim – bir işə bax ha,  adi bir tablonun qabağında ayaqüstü yatmaq! Təbəssümüm öz-özünə yarandığı kimi, öz özünə də silindi. Çiyinlərimdə ağırlıq hiss edirdim, hətta, bu ağırlığın altında əzilirdim! Çevrilib tabloya axrıncı dəfə baxdım. Hə, əsil tənhalığı portretidir ki, var! Dünyanın ən tənha adamı isə bu tablonu çəkən yox, bunu alan adam olacaq. Öz tənhalığını satın almaq...! Qarşısına keçib, hər gün, hər gün öz tənhalığına baxmaq...!
    Dünyanın ən tənha adamına yazığım gəlir.

    Başqa birinin gəlib arxamda yanımda dayandığını hiss etdim. Orta yaşlı bir kişi səsi gəldi:
-         Qəribə tablodur. Nədir bu belə?
-         Tənhalığın portreti. – özümdə bilmirəm niyə bunu dedim...


Son.

Hiç yorum yok: