Müasir qadın gender bərbərsizliyi ilə üz-üzə.

   

  Müasir qadın gender bərbərsizliyi ilə üz-üzə.


Müasir dünyamızda, xüsusilə inkişaf etmiş ölkələrdə qadın hüquqları tamamilə bərpa edilmiş kimi görünür, daha doğrusu iddia edilir. Vəziyyət bəzən o nöqtəyə çatır ki, qadın hüquqlarından bəhs etmək “feminist!” damğası ilə üzləşməyə səbəb olur (Bəli, feminizm və feminist adının irqçiliklə eyni tutulduğu, hətta ondan da aşağı tutulduğu bir zamanda yaşayırıq və bu tamamilə ayrı yazının mövzusudur.)  bəs bu nə dərəcədə doğrudur? Yarıtam, yarınatamam bərpa edilmiş qadın hüquqları işin əslində hüquqi müstəvidən kənara çıxa bilirmi, yoxsa bir çoxu sadəcə kağız üzərindəki mürəkkəb ləkələrindən ibarətdir? Bu sualın cavabını hüquqda yox, cəmiyyətdə axtarmaq lazımdır. Cəmiyyət həqiqətənmi qadının var olan, lakin ondan əsrlərdir, minilliklərdir zorla və hiylə ilə alınan hüquqlarını qəbullanıb və tətbiq edir?  Ümumiyyətlə, cəmiyyət gender bərabərliyindən nə qədər xəbardardır? Bu suala cavab tapmaq üçün gender bərabərsizliyinin “adi” hal olmaqdan çıxıb, olmalı olduğu yerdə - cinayət mərtəbəsində yerləşdiyi indiki zamana, müasir dünyaya nəzər salmaq lazımdır. Əvvəlcə, gendern bərabərsizliyi nədir, niyə son illərdə aktualdır və niyə bəzi insanlar hələ də belə bir məhfumun var olduğunu qəbul etmək istəmir, ona baxaq:  
    Gender bərabərsizliyi yeni bir mövzu deyil. Hətta deyərdim ki, ilk homo sapienslərdən bu yana vardır, yəni bəşəriyyət tarixinin başlanğıcından bəri. Lakin gender bərabərsizliyinin ilkin forması matriarxiya, yəni anaxaqanlığı şəklindədir. Daş dövrü insanları bir yerdə, mağaralarda yaşayırdılar və onları birləşdirən daşıdıqları eyni qan idi -  ana. Kişilər ovla məşğul olarkən qadınlar heç də ondan az vacib sayılmayan odu qorumaq və yığıcılıqla məşğul idilər. Təsadüfi deyil ki, ilk yaranan dinlərdə qadın ucaldılmış, dişilik, doğurqanlıq müqəddəs sayılırdı. Bəs bu nə zaman dəyişdi? Çox insan patriarxiyaya, yəni ataxaqanlığına keçidi kişilərin fiziki olaraq güclü olması ilə izah edir. Bu yanlış düşüncədir. Ataxaqanlığın başlanğıcı insanların qəbilə icmasından çıxıb fərdiləşməsinə, hər fərdə aid mal-mülkün ortaya çıxması ilə bunu sonrakı nəsilə - oğula miras qoyması ilə başlayır. O zamandan bu yana qadınların mülki hüququ hər dövrdə və hər şəkildə yox sayıldı, görməzdən gəlinmdi və ya məhdudlaşdırıldı. Müasir dövrümüzdə belə dünyadakı torpaq sahiblərinin yalnızca 1%- i qadınlardır. Eyni şəkildə qadınların “oyanışının”, gender bərabərsizliyinin “adi”, “normal”, “olmalı olan”dan çıxıb bir problem halına gəlməsi qadınların maddi azadlıqlarını əldə etməsi ilə başlayır. Burjua inqilabı və texnologiyanın inkişafı ilə bir çox əmək faliyyəti “kişilər üçün” olmaqdan çıxdı. Qadınlar artıq təkcə evlərində yox, fabriklərdə, emalatxanalarda işləyir və buna görə eyni işi görmələrinə baxmayaraq kişi işçilərin aldığı əmək haqqının yarısından daha az alırdılar. Beləliklə, dünya tarixində adını qanlı hərflərlə yazıdrmış ( nə qədər dünya mediyası və ticarəti bu qanlı yazını gül-çiçək və oyuncaq ayılarla ört-bas etməyə çalışsada. ) 1857-ci il 8 mart üsyanı baş verdi. 120 qadın ən təbii hüquqlarını -  eyni işə eyni əmək haqqını tələb edərkən can verdi. Indi belə bir çox qadına cəsarət verən fədakarlıqları bir çox qadın hüququ hərakatına mayak oldu. Lakin, təəssüflər olsun ki, müasir dövrümüzdə inkişaf etmiş ölkələrdə belə eyni işə görə qadınlar 20% daha az maaş alırlar...

     Tarixdə bir çoxu qanlı, qalan qismi isə birbaşa rəddlər, təhqirlər, alçaldılmalar və lağa qoyulmalarla reaksiya verilən qadın hüquqları mübarizəsi indiki dövrümüzdə bitmiş kimi görünür. Qadınlar səs verə bilirlər, işləyə bilirlər, təhsil ala bilirlər, ailə quracaqları insanı özləri seçə bilirlər – olmalı olduğu kimi. Lakin bunların bir çoxu sadəcə hüquqi müstəvidə qalır və burada müasir qadının gender bərabərsizliyi ilə mübarizəsinin ikinci pərdəsi başlanır : qadın hüquqlarını... yox, insanı hüquqları qəbul etməyən cəmiyyət. Gəlin, müasir bir Azərbaycan qadınının gündəlik həyatına nəzər salaq:
  Qadın dünyaya gəlir, təhsil alır, işləyir, ailə qurur və gündəlik 8 saatlıq işindən yorğun-arğın evə gəldikdə bu mənzərə ilə qarşılaşır: bişirilməli olan yemək, yumalı paltarlar, süpürüb-silinməli ev və digər problemləri ilə məşğul olunmalı uşaqlar. Bu onun vəzifəsidir, işidir, sorğu-sualsız etməlidir. Eynilə onun kimi gündə 8 saat işləyib yorğun-arğın evə gələn həyat yoldaşının gözlədiyi mənzərə isə budur: bişirilmiş yemək, yuyulub ütülənmiş paltarlar, silinib-süpürülmüş ev, sakit uşaqlar, televizor qarşısında divanda mürgüləyib isti çay içmək və gülümsəyən həyat yoldaşı... Doğrusu insan bu gözləntilər qarşısında şübhəyə düşür ki, bəs, güclü cins kim idi? Axı, adi bir insanın 8 saatlıq işdən sonra qadından etməsi gözlənilən işləri etməsi sözün əsil mənasında böyük güc və dözümlülük tələb edir. Amma müasir texnologiyanın nemətləri bu anda köməyə çatır: paltaryuyan maşın, qabyuyan maşın, tozsoran, çörək bişirən maşın, blender, xüsusi doğrayıcılar, dondurulmuş tərəvəzlər, mikrodalğalı soba və s. Burada bir nöqtə var ki, olduqca gülüncdür: qadının bu alətdən istifadə etməsinə “ nə iş görür ki, hamısını robotlar edir. Heyif deyil nənələrimiz, bunların hamısını özləri edirdilər və hələ bir 7-8 uşaq da saxlayırdılar.” Deyə mız qoyulur.  Bəli, hər kəsin maddi imkanından aslı olmayaraq, öz büdcəsinin aşan kreditlərlə texnologiya vasitələrindən istifadə etməyə can atdığı dövrdə müasir qadının, əslində onun “üzərinı yıxılan” işlərini asanlaşdıran alətlərdən istifadə edilməsinə dırnaqarası baxılır. Təhsili, kariyerası ilə cəmiyyətdə varlığını isbat edən, özünə yer tutan müasir qadından 200 il əvvəl yaşamış, öz dövründə “ev əşyası”,”uşaq dunyaya gətirən maşın”dan artıq qiymət verilməmiş, görülməmiş ulu nənəsi kimi davranması gözlənilir, istənilir və tələb edilir. Və bu “normal” qəbul edilir. Nəinki cəmiyyətin künc-bucağında, ucaq nöqtələrində, ölkənin nüfuzlu televiziya kanallarında belə ali təhsilli “ekspertlər” tərəfindən təbliğ edilir.
    Burada, müasir qadın gender bərabərsizliyinin axrıncı, lakin ən çətin mərhələsi ilə üz-üzədir : mənəvi təyziqlər. Hüquqi müstəvidə hər şey bərabərdir, bərpa edilməli hüquq qalmamışdır. Ancaq cəmiyyətin daxilində qadına hələ də bir çox zəncir vurulur, etməyə məcbur olmamalı olduğu öhdəliklər yüklənir. Müasir qadın isə bunlar qarşısında öz hüququnu tələb edə bilmir. Necə etsin axı? Ortada maddi, isbat edilə biləcək haqsızlıq yoxdur. Problem yazılan yox, yazılmamış qanunlar, 21-ci əsrdə orta əsirlərin “ikinci növ – qadın” düşüncəsi ilə yaşamaqda israr edən beyninlərdir. Bu, fiziki yox, mənəvi, psixolojik müharibədir və dünyaya gəldiyi gündən şüur altına qadın necə olmalıdır haqqında kif basmış, qəlibləşmiş düşüncələr yerləşdirilən qadınlar bu müharibədə gücsüzdür. Dünyanın istənilən nöqtəsi ilə əlaqə saxlamağın bir saniyə vaxt apardığı dövrümüzdə müasir qadın özünü dünyanın digər nöqtələrindəki qadınlarla istər-istəməz müqayisə edir. O, bütün həyatı boyunca ancaq anasının, bibisinin, xalasının, qonşularının, uzaqbaşı qızını verdiyi qonşu kənddəki qudasının “qadın həyatı”nı görən, heç bir zaman başqa alternativi bilmək, arzulamaq şansı olmayan ulu nənəsi deyil və ondan ulu nənəsi kimi davranması, düşünməsi, xəyal etməməsi gözlənilməməlidir. Biz qapıları, pencərələri bağlasaq, der-deşiyə, işıq gələn bucağa cır-cındır tıxasaq belə müasirlik əlimizdəki kiçik telefonlardan belə həyatımıza dolur. Bunun qarşısını almağa çalışmaq, hər müasir mədəniyyət düşüncəsini, zərrəsini “bizlik deyil” deyə kənara itələmək əbəsdir.

    Müasir qadın bu an həmin müasirlik ilə mənəvi gender bərabərsizliyi təyziqləri ilə üz-üzə qalsa belə, böyük ehtimalla bu sadəcə keçid dövrüdür. Necə deyərlər, tarix təkərrürdən ibarətdir. Çox yox, adicə yüz il əvvəl qadınların ən təbii, ən bəsit hüquq tələbinə belə dəlilik kimi baxılır və ən yumuşaq halda lağ edilirdi. Indiki dövrdə də qadınların mənəvi, cəmiyyət daxilində hüquqlarını tələb edilməsinə dırnaqarası baxılır, böyük gender bərabərsizliyi problemi bilərək və istəyərək gözardı edilir. Əgər yaxın gələcəkdə qadınlar bu dəfə mənəvi hüquqlarının bərpası üçün ayağa qalxacaqlarsa, bu əsla təsadüf olmayacaq. Indidən bunun işarələri görünür. Qadınlar iş və sosial həyatda bir-bir öz yerlərini tuturlar, bu isə öz növbəsində onların ünya görüşlərinin artmasına, hədəflərinin yüksəlməsinə səbəb olur. Haqsızlıq etməyək, cəmiyyətin ümumi dünya görüşünün yüksəlməsi artıq kişirlərin də bir qisminin qadınlara edilən haqsızlığı sorğulamasına təkan verir. Çünki bilirlər ki, azad qadın, azad cəmiyyət deməkdir.

Hiç yorum yok: