Cənnət
Həzin ağlamaq səsi... Hıçqırıqlar olmadan, nəfəssiz qalmadan, sanki
gözəl bir melodiya səslənir sonsuz boşluqda. Bu melodiyanı dəfələrlə, yox, saya
bilməyəcəyim qədər çox eşitmişəm. Davam etməsini istərdim. Gözlərimi qapayıb,
bu melodiyanı sonsuzluqda dinləmək istərdim. Lakin... susdu. Həmişəki geniş
açılmış gözlər, ümid qarışıq qorxu ilə parıldayan o baxışlar. Yenə, sonsuz
səhnə ilə qarşımdaydı, o - Adəm övladı.
- S-sən
kimsən?!
- Mələk.
Üzü dəyişdi. Buna nə deyirdilər?... Aha, sevinc. Əllərini mənə doğru
uzadıb, dizləri üstündə sürünməyə çalışdı. Gözlərindən yenə yaş axırdı, lakin,
o həzin melodiya yox idi. Onun əvəzinə başqa səslər vardı – mərhəmət oyatmaq
üçün zarıltı, qurtula biləcəyini düşünməsi ilə yaranmış sevincin kəsik nidaları
- nəfsin səsləri. Bundan qurtulmaq istəyərdim...
Nəfs... qoxusu, səsi, rəngi, dadı, ağırlığı... və
o tükürpərdən varlığı. Adəm övladları bununla necə yaşaya bilir?.
Tarıma çəkilən zincirin cingiltisi ilə Adəm övladı
dondu. Ah, o, həqiqətən niyə hələ də burada olduğunu unutmuşdu? Onu bağlayan
zincirləri – günahlarını yaddan çıxarmışdı? Əlləri hələ də mənə uzanırdı, amma
sadəcə bir addımlıq məsafəsindəydim. Onun üçün sonsuzluq qədər uzun bir məsafə.
Bu heçlikdə cingildəyən bir qəhqəhə.
Adəm övladı cəld arxaya çevrildi və qorxudan
nəfəsi kəsildi. Ayaqlarını özünə tərəf çəkib, yerində büzüşdü. Çox qorxub, hə?
Lakin sinəsində gizlətdiyi düyünlənmiş yumruqlarını və qıcadığı dişlərini mən
görürəm... O da, görür.
- Zavallı
Adəm övladı, öz xilasına belə çox tələsirsən? Həmişə beləsiniz. Səbr; ali
məziyyətlərin atasından uzaqsınız.
- S-s-sən
kimsən...
Biraz əvvəl bağıran Adəm övladı indi pıçıldayırdı. Qorxu... Mənim
kimi Elis də bu iyrənc hissin qoxusunu aldı. Qan çanağına dönmüş gözlərini
geniş açıb, iri köpək dişlərini göstərərək gülümsədi. Caynaqlarını ona tərəf
uzatdıqda Adəm övladı geri-geri mənə tərəf sürünməyə çalışdı. Amma zincirlər...
- Ha
hah ha! Həqiqətən, buradan qaça biləcəyini düşünürsən?
- B-bura
haradır?
Elis mənə baxdı. Eh, deyəsən yenə bu şərəfə mən layiq oldum. Adəm
övladına baxmamağa diqqət edərək, sonsuz təkrar edəcəyim sözləri söylədim:
- Yer
üzündə bilinən adları ilə: Aref, digər dünya, Sirac, Nirvana, ruhların qapısı,
ölülər diyarı, cənnət və cəhənnəmin dəhlizi...
- Mən
niyə burdayam?!
Gülə bilsəydim, gülərdim. Mənim əksimə, gülə bilən
Elisin qəhqəhələri bu sonsuz boşluqda bir neçə saniyə - bəlkə də əsrlər boyu
əks-səda verdi. Zamanın dəyərsiz olduğu tək yerdə, bunun hansı olduğunu təxmin
etmək çətindir. Heyhat, hələ də dünyadan qopa bilməmiş adəm övladı üçün zaman
dəyərli idi və sualının cavabını eşitmək üçün səbirsizləndiyi üzündən oxunurdu.
Tanrının bəxş etdiyi zəkasına təhqir etməyim üçün bu qədər tələsməsi -
gülünc. Dediyim kimi; gülə bilsəydim, gülərdim...
- Ölmüsən,
Adəm övladı.
- Nə?!
Mən! Mən ölə bilmərəm! Yox... ölə bilmərəm... Ölə bilmərəm!
Əlləri ilə cəld bədənini yoxladı, bir yarası olub-olmadığına baxdı.
Bu mənzərəni dəfələrlə gördüyümdən sonsuz boşluğa nəzərlərimi dikdim. Mənim
əksimə Elis sonsuzluq qədər gördüyü bu mənzərəni maraq dolu baxışlarla
izləyirdi. Təkrar... Təkrar... Eyni! Adəm övladları onları canlı saxlayan
şeyin bədənləri olduğuna elə inanmışlardı ki, öldüklərini eşitdikdə ilk işləri
bədənlərini yoxlamaq, bir yara alıb-almadıqlarına baxmaq olur. Yer üzündə belə
nə qədər sağlam ölülər olduğunu bilsələr... Göy üzündə bədənlərinin qeydinə
qalmaqdan əl çəkərdilər.
Sükut.
Səssizliyi pozan Adəm övladı oldu. Özünü sıx qucaqladığı
qollarını açmasından danışmağa başlayacağını anlamışdım.
- Indi...
mən ölüyəm? Onda... bura mənim qəbrimdi?
- Deyil.
- Amma
olmalıdı! Kitablarda elə yazılıb! Siz də inkir-minkirsiniz? Ya da bəlkə Əzrail?
Adəm övladı ancaq mənə baxırdı. Sanki, suallarının cavabını məndən
gözləyirdi. Lakin, mən yetərincə danışmışdım. İndi, növbə onun idi. O, isə
susurdu. Yerə çöməlib, maraq dolu gözlərini Adəm övladına dikmişdi.
Səssizliyimi qorumalı idim... Bunu anlayıb, ayağa qalxdı. Adəm övladına tərəf
bir-iki addım atıb, əlini ona uzatdı. Caynağı ona toxunduğu anda:
- Ay!
- Göy
üzündəki qanunlar Yer üzündəkindən fərqlidir.
Adəm övladının gözlərindəki qorxunun səbəbi Elisin caynaqlarıdır,
yoxsa dediyi sözlər? Cavabını öyrənmək istəmədiyim suallardan biri daha...
Əzbərlədiyim cümləni pıçıldadım: “ Göy üzündəki qanunlar Yer üzündəkindən
fərqlidir”...
Elisin bağırdığına yox, mənim pıçıltıma inanan Adəm övladının
üzündən dəhşətin kölgəsi keçdi. Başını əlləri arasına alıb, öz-özünə danışmağa
başladı:
- Bu
ola bilməz. Fərqlidir?... axı... elə deyilməmişdi! Belə yazılmamışdı! Necə...
axı necə ola bilər?! Onlar... onlar yalan deyib?!
- Kimlər?
– bu dəfə sualı mən verdim.
- Peyğəmbərlər,
hə, onlar! Sonra... kitablar! Axı, var! Hamısı kitablarda yazılıb!
- O
kitabları kim yazıb?
- Kim?!...
bilmirəm... Yox, peyğəmbərlər yazıb! Hamısı yazılıb orda! Günahlar, savablar
–hamısı!
Bu dəfə boşluqda Elisin səsi cingildədi:
- Bəs
tanrının yazdıqları?
Adəm övladı ilk dəfə Elisin üzünə baxmağa cəsarət etdi, yox, bu
meydan oxuma idi. Amma, burada qorxmalı olan Elis deyildi... Elə, Elis əlini
ona uzadıb, barmağını alnına toxundurduğunda bu kiçik cəsarəti də buxarlanıb,
getmişdi.
- Bəs,
buraya yazılan kitab? – dedi, Elis.
Susurdu. Adəm övladının susqunluğu həmişəki kimi Elisi əyləndirirdi.
Üzünü Adəm övladı üçün daha qorxducu hala gətirəcək təbəssümü, getdikcə
artırdı. Mənim növbəm:
- Mərhəmət
istə...
- Etiraz
et!
- Əfv
dilə...
- Əmr
et!
- Ağla...
- Qəhqəhə
çək!
Adəm övladı nə məni, nə də Elisi eşitmirdi sanki. Susqunluğunu bir
pıçıltı pozdu sadəcə :
- Axı...
Axı, mən haradan bilə bilərdim...
- Zəka,
iradə və vicdan...
- Zəka,
iradə və vicdan!
Elisin hayqırışı yanında mənim pıçıltım sönük qalmışdı, amma, yenə də
Adəm övladı mənə baxdı. Peşmanlıq duya bilsəydim, tanrının məni gülməkdən
məhrum etməsinə peşman olardım. Göy üzündəki ən ali mələklərdə belə olmayan bu
müqəddəs üçlüyə sahib olduğunun fərqində belə olmayan Adəm övladı...
Mənim əksimə, gülə bilən Elisin qəhqəhələri, yenə qorxunc sükutu dağıdan
fırtına kimi yayıldı. İnadla ona baxmaq istəməyən Adəm övladının üzünü
əlləri arasına aldı və hədəqəsindən çıxacaq qədər geniş açılmış gözlərinə
baxmağa məcbur etdi:
- Düşün,
et və sorğula.
- Bu-bu
nədir?!
- Nədir?
Ha ha ha... Göy üzünün qanunları əlbətdə ki!
İnamsızlıq... Adəm övladı Elisin dediklərinin tək kəliməsinə belə inanmırdı.
O, Elisə inanmırdı.
- Mənə
inanmırsan... – deyə, pıçıldadı Elis. Bəlkə də bağırdı, ikisinin arasındaki
fərqin Göy üzündə heç bir mənası yox idi.
Adəm övladı onu dinləmirdi...
Elis, Adəm övladını buraxıb, ayağa qalxdı. geriyə bir addım
atıb, əllərini önündə birləşdirərək dayandı – mənim növbəm. Dizlərimin üzərinə
çökdüm. Ona yaxın idim, amma mənə toxunacağı qədər yox. Üzünü mənə çevirdi,
baxışlarını mənə dikdi – məni dinləyirdi.
- Adəm
övladı...
- Adım...
- Göylərdə
Adəm övladlarına ad verilmir, Adəm övladı. Dinlə, itaət et və sus.
- Düşün,
et və sorğula.
Adəm övladı danışan Elisə sərt bir baxış atdı. Belə dəyərsiz bir ruha
görə çox böyük cəsarət. O, Elisi dinləmək istəmirdi. Yenidən mərhəmət dilənən
gözlərini mənə dikib, danışdı, yox, zarıldadı:
- Mən
peşmanam! Bütün günahlarım üçün, hə, hamısına görə peşmanam! Tövbə edirəm, məni
bağışlayın. Yalvarıram! Mən, mən bilmirdim! Mən axmaq idim... Amma, mən həmişə
inandım! Düzdü, günahlarım var. Içki içmişəm, yalan demişəm, aldatmışam, amma
məni məcbur eləyiblər. Məcbur ediblər deyəndə... hə, məcbur idim, yoxsa mənə
lağ edərdilər! Bəlkə... Çox ibadət etməmişəm, amma həmişə dua etmişəm, həmişə!
Yalvarıram, bağışlayın! Çox peşmanam... mən... Məcbur idim, dünyada yaşamaq
belədir. Başqa yolun olmur... Məcbur edirlər. O qədər pis adamlar var ki! Adamı
elə yoldan çıxarırlar ki! Günahkaram, Allah şeytana lənət eləsi...
Sonsuzluqda əks-səda verən qəhqəhə... Gülə bilsəydim...
Adəm övladı, Elisə baxdı. Səsini çıxarmadan, dodaqlarını
belə aralamadan etdiyi lənətləri eşitməmək mümkün deyil. Unutmuşdu, tamamilə
unutmuşdu: Göy üzünün qanunları fərqlidir...
Sonsuzluq qədər çəkən sükut... Ax, bu sükutu
sevə bilsəydim, sevərdim. Elis bir anda yox oldu. Bilirdim : yenə mənim
növbəmdir.
- Qərara
gələ bildin, Adəm övladı?
- Nə
qərarı?!
- Itaət
və üsyan – hansı?
Təccübü anlamırdım, amma, görə bilirdim. Adəm övladının bədəninin,
yox, ruhunun hər zərrəsi bu hisslə lərzəyə gəlmişdi.
- I-indi?!
Axı, axı... Mən bilmirəm... Belə tez...!
- ...
- Həm,
nə seçimi?! O, İblisin dediklərini necə seçə bilərəm!
Qəribədir, yenə dəyişdi. Üzü... Elə bir çirkinliyə büründü ki,
ruhu elə bir qaranlığa gömüldü ki... Dodaqlarım tərpəndi: “Nifrət.”
- Hə,
əlbəttə! Ona nifrət edirəm! O, da mənə nifrət edir! Elə ancaq axmaq sözləri ilə
yoldan çıxarmağa çalışır! Sən ona nifrət etmirsən ki?!
- “Nifrət”,
Adəm övladlarına məxsusdur. Mələklər, nifrət edə bilməz.
- Bəs
şeytanlar?
- Ulu
İblisin özü belə o qədər kirlənmədi.
- “Ulu
İblis”?! Bir mələk şeytana necə belə müraciyyət edə bilər?!
- Ulu
İblisin özü də bir mələk idi. Bəlkə də ən yaxşısı.
- Axı,
o, şeytandır! Insanları yoldan çıxarır! Məni də o, yoldan çıxartdı...
Adəm övladı ağlamağa başladı. Gülə bilsəydim, gülərdim. Bir
günahkarın göz yaşları... Danışmaq istədim, amma, bir fısıltı məni qabaqladı:
- Yoldan
çıxanlar, yolu olmayanlardır...
Hə, ulu İblis həmişə bunu deyir. Göy üzünün qanunlarından biridir,
amma, Yer üzündə varlığı çoxdan unudulub. Dinləmirdi. Elisi, dinləmirdi. Onun
belə gülüşü itmişdi. Səssiz, ya da gurultulu bir pıçıltı ilə dedi:
- Vaxtdır,
seç, Adəm övladı.
- Nə?!
- İtaət
və üsyan – hansı?
Əlimi ona uzatdım. Elis də. Susdu. Dondu. Düşündü. Yox, düşünmədi,
inandı. Əlini qaldırdı. Üzündə sevinc vardı – buradan qurtulmağın sevinci.
Elisin caynaqlarına iyrənirmiş kimi baxıb, əlimi tutdu. Gülümsəyirdi. Zincirlər
halqa-halqa yox olmağa başlayırdı. Hər biri, ən sonuncusuna qədər...
Gülümsədim.
Birdən, hayqırdı:
- Sən
iblissən!
Əlini çəkməyə çalışdı, gec idi. Çırpınırdı, bağırırdı, ağlayırdı...
Caynaqları ilə əlimi didməyə, parçalamağa çalışırdı – bir Adəm övladı! Gülə
bilsəydim, gülərdim. Axırda, təslim olub, fısıldadı:
- Yenə
yoldan çıxartdın!... Cəhənnəmə gedəcəm...
- Göy
üzündə nə cəhənnəm var, nə də cənnət, Adəm övladı. Təkcə, “Azad ruhlar” var. –
Elisinfısıltısı sonsuz boşluqda əks-səda verdi. Kədər. Səsində, üzündə,
ruhunda kədər. Ağlaya bilsəydi, ağlayardı. Seçilmədiyi üçün yox, onun seçmədiyi
üçün. Təəssüf – bu hiss də ancaq Adəm övladlarına məxsus idi.
Adəm övladı cavab verməyə belə macal tapmadı.
Milyonlarla zərrələrə parçalandı. Alovdan kəpənəklər kimi, ətrafımda uçuşan
kiçik, parıldayan zərrələr... Yer üzündə buna necə “cəhənnəm” deyə bilirlər?
Axı, bu çox gözəldir...
****
Sonsuz heçlikdə dayanan iki bədənsiz
ruh. Biri İblis, biri mələk. Biri üsyan, biri itaət. Biri kədər...
****
O, gülürdü.
****
Sonsuz boşluqda həzin bir ağlamaq səsi
yayıldı...
Son.
Hiç yorum yok: