Fangirls - Analarımız bizi bunu üçün yetişdirmədi...


Əsas sual: Fangirl nədir?
Cavab: hərfi mənada pərəstişkar qız demək olan "fangirl" əsla və əsla sadəcə pərəstişkar deyildir...
bir fangirl olaraq deməliyəm ki, bu an dünyanın ən çətin hobbi/maraq/həyat tərzini izah etməyə çalışacam.
 Fangirl, təməldə hər hansı bir təxəyyül məhsuluna - kitab, cizgi film, anime, manga, film, serial, oyun və təəssüflər olsun ki, pop musiqi - və ya bu məhsulun obrazına olan aslılıq dərəcəsindəki bağlılıqdır. Ölkəmizdə hələ ki, geniş fangirl kütlələri yaranmayıb, lakin ilk toxumlarının əkildiyini dəhşət və ləzzətlə izləyirəm. Bizdən fərqli olaraq dünyanın bir çox inkişaf etmiş ölkəsində geniş fangirl kütlələri vardır. Bəli, Fangirl ordularının sayı da bir ölkənin inkişaf dərəcəsinin göstəricisidir, çünki, məlum, digərləri Harry Styles`in ərgənlik acılarından daha az dəyərli problemlərlə çox məşğuldur. Məsələn, aclıqdan ölməməyə çalışmaqla...
Fangirl, adından da bəlli olduğu kimi təkdir, lakin bir çox fangirl və fanboydan ibarət toplumlar vardır və bunlara "Fandom" deyilir. Yəni, eyni ilə toxumlar fidana, fidanlar ağaca, ağaclar meşələrə məsələdir, sadəcə, burda izləyici Fangirl`ə, Fangirl`lər Fandom`lara, Fandom`lar sırf yeni saç tərzini bəyənmədiyi üçün minlərlə "gəbər!" tiviti ata bilən manyaklar ordusuna...
bir fangirl`in 3 silahı vardır:
fanfic -  "fan fiction" ifadəsinin qısaldılması olan bu söz, heyranlar tərəfindən yazılmış, hər hansı təxəyyül məhsulunun fərqli sonluqları, ya da obrazlarından ibarət tamamilə ayrı bir hekayə deməkdir.
fanvid - tv verilişinin hissələrindən, şəkillərdən, ya da mövzuya uyğun müxtəlif təsvirlərdən yığılma video.
blog - əlbəttə ki, yuxarıdakıları yayımlamaq üçün bir sosial məkana ehtiyacı vardır. Tumblr ən məşhurudur.
daha dərinə enmədən əvvəl ölkəmizdə və dünyada(əslində sadəcə dünyada, hələ o qədər inkişaf etməmişik, pis fakirlər ) güclü fangirl toplularına nəzər salaq:

PotterHead
  Qətiyyən, bir həftə ərzində 4 kitabı da bitirərək bütün seti oxumağımla əlaqəsi olmayaraq, deyə bilərəm ki, kitab fandomlarından söhbət gedirsə PotterHeadlar, yəni "Harry Potter" fanları birinci gəlir. Ardınca LOTR - Hobbits (Lord of The Ring - Hobit) və Hunger Games - Tribute (Aclıq oyunlar - Yox, Hamsun Knut sadəcə "Aclıq"ı yazıb ) və bu qəbildən digər fantastik romanlar. Hələ ki, hərhansı klassik kitabın Fandomu olduğunu eşitməmişəm. yəni, inanmıram ki, Jan Valjan və Javertin "xoşbəxt sonluğu" haqqında fanfic yazmaq kiminsə ağlına gəlsin və allah xətrinə, vicdanı olan kimsə ağlından da keçirtməsin...
bu Fandomun böyük əziyyətləri sayəsində bir çox insan milyonçu olmuşdur. Əgər dünyada həqiqətən sehr varsa, bu da  kitabda, filmlərdə, comic conlarda, geyimlərdə və s. və s.-də əməyi keçən hər kəsi hər gün daha da varlı edən PotterHeadlardır. Lakin, necə deyərlər, "always..."


Whovian

Doctor who Fanlarına verilən bu adı şərəflə daşıyan insanlardan biri olaraq qürurla deyirəm ki, televiziya tarixinin ən geniş heyran kütləsinə sahib fandomlarından biridir. digəri də "Twilight" - Twihard ola bilər, lakin, məncə hamımız bunu görməməzliyə vurmağa razıyıq. Zaman və məkanda səyahət edən "Doctor" ləqəbli yad planetlinin yol yoldaşları olan macəralarından bəhs edən bu serialdan əlavə digər İngiltərə istehsalı "Sherlock"un və amerikan istehsalı "Supernatural"ın fandomlarına da salam deyirəm. çünki əkstəqdirdə, onlar da saniyəsində məni "exterminate" edə biləcək qədər güclü fandomlardır.


Netizen

Netizenlər əsasən Asiya ölkələrinin,  xüsusilə də Cənubi Koreyanın idolları ilə əlaqədər qrupdur. Ah, idol nədirmi? Asiya ölkələrində fotomodel, aktyor, tv və radio aparıcısı, modelyer, stilist, rəqqas... qısaca, Koreyanın kosmosa göndərəcəyi ilk kosmik gəminin astronavtı belə ola biləcək, oğlan və ya qızlardan ibarət (qız qruplarının fanboy (ya da "ətəklərinəqədərqısalabilərəcəbadeyənlər"),  oğlan qruplarına isə fangirl`lər pərəstiş edir) qruplarda çıxış edən yaraşıqlı gənclər.
 düzü, bu qrupa "fandom" deməyə çətinlik çəkirəm, çünki netizenlər dünən çox sevdikləri qrup və idolu, bu gün ayaqqabı rəngini qaşlarının rəngi ilə uyğun görmədikləri üçün yerdə sürüyə bilərlər... sözün əsil mənasında sürüməkdən söhbət gedir... Netizenlik qədər olmasa da ölkəmizdə də k-pop və k-drama fangirl`ləri çoxalır. Yuxarıdakı, Koreyanın dünya üzündən də bəlli olduğu kimi, bu, bəylərimizin xoşuna gəlmir. Yəni, başa düşmək olar, sən dostunun "bədən yığmısan, oğlaaaannn" sözü ilə qaza gəl, amma sevgilinin telefonunda xalamın 6 aylıq nəvəsinə bənzəyən oğlanın şəklini gəzdirsin...



Cecelist
bunu bura sırf türk qardaşlarımıza və bizlərə qan yaddaşı olsun deyə qoyuram... Tarix, bu dediyimi haqlı çıxaracaq.
Ölkəmizə dönsək bu qəbildən Hosted - bir zamanlar ərgə... yəni, gənclər arasında geniş heyran kütlələri yaradan HOST qrupu və üzvlərinin heyranlarını göstərmək olar. Söhbət popdan gedirsə dünyada Rihanna - RiRi, Beyonce - Bey Have və s. misal çəkmək olar. Məncə, dünyada fan və antifanlarının sayı az qala eyni olan yeganə şəxsin adını çəkməsək də olar, elə deyil? Qanlı hərflərlə: Belieber...

Fujoshi

Əlbəttə, birbaşa manga, anime və oyun fanatları olan "Otaku"lardan danışa bilərdim, lakin bu çox bəsitdir. Yəni, xüsusilə axır vaxtlar Narutonun ilk 30 bölümünə baxan ərgənlərin Facobook`da adlarının qabağına "otaku" yazdığını nəzərə alsaq...
Fujoshi otakuluğun, ya da ümumiyyətlə fan girl`liyin ən qaranlıq təbəqəsidir : hərhansı bir təxəyyül məhsulundakı iki oğlanın eşqinə pərəstiş edən qızlar. 
təməli yaponların iki oğlan arasındakı yarı-erotik eşqini təsvir edən "yaoi" janrlı anime və mangalarını sevən qadınlar fanatlardır ( işin qəribəsi, bu janrın ən böyük heyran kütləsi 25 yaşdan yuxarı qadınlardan ibarətdir...), lakin hər şey kimi bu ad da qloballaşmağa başlayır. Ən azından 3 gün boyunca Drarry (Draco + Harry) videolarına baxandan sonra bu fikrə gəldim. 
Fandomlar içərisindəki ən zərərsiz ( yəni, figər fan girl`lər kimi "o mənimdir" davası yoxdur, çünki o başqa oğlanındır...) və ən yaradıcı ( əməkləri nəticəsində, internetdəki hər 5 fanfic/fanvid- dən 3-ü yaoidir.) qrupdur. Nə deyə bilərəm, hər Fan girl bir gün Fujoshi olacaqdır...



beləliklə Fan girl`lərlə əlaqədar yazımızın sonuna gəldik. Ümid edirəm, bu yazı sizə bir daha 3 şeydən uzaq durmalı olduğunuzu xatırladar: narkotik maddələr, içki-siqaret və fandomlar...


Hiç yorum yok: