39 güllü don


    Gözlərini açanda hiss etdi ki, halı yüngülləşib. Günlərdir, hətta həftələrdir etdiyi kimi öz iniltisinə oyanmadı bu dəfə. Yerindən dikəlmək üçün də yarım saat sərf etmədi. Ayağa qalxdı,  dizləri boşalıb çarpayıya oturdu. Tələskənlik eləmişdi, birdən-birə dura bilmirdi axı, özünü ruhlandırmaq üçün öz-özünə dedi:
-          Yox ha, bu gün yaman gümraham. Deyəsən, azar canımdan çıxır.
    Bu dəfə yavaş-yavaş ayağa qalxıb xırda addımlarla, divardan tuta-tuta eyvana çıxdı. Hava hələ işıqlaşmamışdı. Amma onsuz da həmişə dan yeri ağarmamış durardı. Bir vaxtlar par-par parıldayan, indi üstünü qara ləkələr örtən qalaylı qazançadan parç ilə su götürüb bir əli ilə üzünü yudu. Dikəlməyə çalışıb illərdir hər səhər əzbər dediyi duaları təkrarladı. Nəvələrinə qalsa, o, sadəcə bir duanı üç dəfə təkrarlayır və hələ üstəlik üçündə də səhv deyirdi. Əşi, onlar hardan bilirlər ey, illərdir belə deyir, belə də deyəcək.
    Duasını bitirib otağına qayıtdı. Istədi yastığının altına qoyduğu darağını çıxartsın, günlərdir daranmayan saçlarının hörüyünü açıb, darayıb, təzədən hörsün. Gözü çarpayısının ətəyində duran sandığına sataşdı... Neçə ildir nə özü açırdı, nə də içində nə olduğu haqqında min xəyal quran nəvələrinə, gəlinlərinə açmağa icazə verirdi. Amma indi elə bil ona kimsə dedi ki, aç sandığı. Ağac qurdlarının yediyi stulunu sürükləyib sandığın qarşısında oturdu. Ən birinci üstündəki balaca ayıcığı yerə qoydu, sonra da səliqə ilə üstündəki örtüyü götürüb qatladı. Hə, indi sandığın ağzındaki iri, paslı qıfıl görünürdü. Ayıcığı yerdən götürüb, içində gizlətdiyi iri açarı çıxaranda qımışdı. Nəvələri bilsəydilər ki, otağı ələk-vələk edib axtardıqları açar hardaymış, yəqin pərtlikdən pomidor kimi qızarıb, pörtərdilər. Açarı qıfıla salıb çətinliklə burdu. Qapağını qaldırdı, üstəki saralmış qəzətləri səliqə ilə qatlayıb yerə qoydu. Ən üstdəki qatlı donu qucağına aldı, güllərini sığalladı, qatını hamarladı. Yazıq-yazıq gülümsədi. Bunu, o, nə vaxt almışdı? İkinci nəvələri dünyaya gəldiyi gün. Evdə camaat əlindən tərpənmək mümkün deyil, hər iki tərəfin qohumları bu dəfə oğlan olan nəvəni muştuluqlamağa, təbrik etməyə gəlmişdilər. Bu səs-küyün içində əlində bazar zənbili gəlmişdi. Axır vaxtlar xırıltılı çıxan ötkəm səsi ilə:
-          Ay arvad, bir bura gəl görüm. – deyib, onu otağa çağırmışdı.
   O gələndə isə zənbili üstünə atıb qurban kəsməyə oğluna köməyə etməyə getmişdi. Elə üstüörtülü, kobud hərəkət eləmişdi ki, zənbili açana qədər Xanımın ağlına da gəlməzdi ki, içindəki nədir. Görən elə bilərdi nəsə ayıb iş tutub, onu gizlədir. Eh, kişi qocaldıqca lap ağlı qaçırdı, uşaqlaşırdı. O da xasiyyətini bildiyindən heç üstünü vurmamışdı, quruca “sağ ol” da deməmişdi. Hardan biləydi axı, dağ boyda kişi 2 ay sonra torpaq altında əriyəcək...

    Gözünün nəmləndiyini hiss edib hövlank əlindəkini çarpayının üstünə qoydu. Ikinci, üçüncü donları da götürüb bir-bir oxşadı, uşaq kimi əzizlədi. Yenə qatlayıb çarpayının üstə qoydu.
     Dördüncü don sandığın içində gəl-gəl deyirdi. Bahalı zərxaradan iri güllü, rəngarəng don idi. Yadına saldı ki, kişi bunu alanda özü nə qədər deyinmişdi. Axı harda görünüb ki, artıq nənə olan bir qadın belə don geyinsin? Acığa düşüb bir dəfə də olsun əyninə geyinməmiş, elə aldığı gün sandığa atmışdı. Amma için-için də sevinirdi. Həmin ili ikisi də ilk dəfə  nənə-baba olmuşdular. Qınayan olmasaydı, elə özü də bu zərxara donu geyinib, ortalığa düşüb sevincindən oynayardı. Bir bax ha, deyəsən,  özünün də ağlı qaçıb axı? Bir o qalmışdı ki, təzə nənə-baba əyinlərində al paltar düşüb ortalığa süzsünlər... Yaxşı ki, o vaxt kişiyə qulaq asmayıb.

    Sonraki donlar bir-birinin ardınca rəngbərən, yaxşı parçadan idilər. Hə, biri qızının toyuna, o biri oğlunun toyuna, sonraki sonbeşiklərinin toyuna...

   Güllü donlar bir-bir sandıqdan çıxırdı və axır ki, heç görmək istəmədiyi don qarşsına çıxdı – qara don. Əlinə kövrək bir şey götürürmüş kimi astaca götürdü, bağrına basdı, doyunca qoxladı.
    Ilk oğulları cavan yaşda rəhmətə gedəndə ikisi də günlərlə yemək yeməmişdilər. Hərəsi evin bir küncündə oturub, öz içində dərdini çəkirdi. Gələn-gedənlərin hayına o biri uşaqları qalmışdı. Hə, yaxşı ki, Allah onları da əllərindən almayıb. Amma o vaxt ağıllarına bu girmirdi. Özü dayanmadan xısın-xısın ağlayırdı, kişi də papirosu papirosa calayırdı. Üçü gününün səhəri kişi evdən çıxıb getdi. Bir saat keçməmiş əlində qəzətə bükülmüş bağlamayla qayıtdı. Xanımın qabağına qoyub həyətə düşdü. Hələ də həmin qəzəti necə qorxa-qorxa açdığını yaxşı xatırlayırdı. Indi qara donunun görünməz, işləməli güllərini sığallayan damarları çıxmış, qırış-qırış əlləri o vaxt titrəyirdi. Qapqara matəm donu idi. Donu əyninə keçirib, qara kəlağıyısını da başına atdı. Özünü şax tutub həyətə, ehsan qazanları bişirilən yerə getdi. Qonşu qadınlar bu üç gündə ilk dəfə onun üzünü görən kimi tələsik ürək-dirək verməyə başladılar. Nə biləydilər ki, o, təsəllisini çoxdan almışdı. Qarı-qoca ancaq özlərinin başa düşə biləcəyi dildə bir-birlərinə baş sağlığı vermiş, təsəlli etmişdilər. Həmin gündən sonra oğlunun ili çıxana qədər qara donunu tez-tez geydi. Ancaq qızının toyunda bu qara donu sandığın içinə həmişəlik gömdü. Ikisi də hər şeyi yadlarından çıxıbmış, dərdləri yüngülləşibmiş kimi davranırdılar. Amma kişi gülməyi, Xanım nənə də saçlarına xına qoymağı tərgitmişdi...

    Donlar getdikcə solğunlaşır, bəsitləşirdi. Hiss olunurdu ki, elə də baha deyillər. Axı necə baha olsunlar? Bu donları kişi, “ajlıq vaxtları”nda almışdı. 4 uşaqları var idi, ikisi də gecə-gündüz işləyirdilər. Yenə də uşaqları doyuzdurub, əyin-baş almağa güclə imkan eləyirdilər. Həm o vaxtı belə cürbəcür, gözəl parçalar hardaydı? Olsaydı belə, onlar kimi kasıblarda olmazdı. Varlıların arvadları idi min cür formada, bahalı, hətta xarici donlar geyən. Sədrin arvadı Tahirə kimi. Onun donları handa adamda olmazdı. Kənddə söz gəzirdi ki, katibin arvadı belə sədrin arvadının donlarından tikdirir. Qız vaxtı Tahirə xanıma necə paxıllıq edirdi, həmişə arzulayırdı ki, o da varlı bir yerə getsin – lap elə sədrin oğluna, sonra da gündə bir don geyinsin...

    Sandığın dibindəki axrıncı dona çatanda əlini saxladı. Qıraqdan dayanıb qəmli-qəmli süzdü onu. Gözləri zəif olsa da parçanıın rənginin tamam solduğunu, orda-burda süzüldüyünü görə bilirdi. Əlinə götürmədən tikişindəki kobudluqların, səhvlərin yerini əzbərdən bilirdi. Axı necə bilməsin? Bir il, düz bir il az qala hər gün bu donu geymişdi... Bundan o qədər bezmişdi ki, bir gün əlinə küt bıçağı alıb deşik-deşik eləmişdi. Nə fayda? Sabahısı gün elə özü əlinə iynə-sap alıb, kobud tikişlərlə dəlikləri yamamış, yenə əyninə keçirmişdi. Bir vaxtlar nifrət etdiyi donu nəvazişlə əlinə aldı. Üstünə tutub, astaca sığalladı.
    İndi geyinsəydi əyninə gəlməzdi. O vaxt isə incə-mincə qız idi, lap gözəl idi də. Elə buna görə də yaman özündənrazı idi. Kəndin oğlanlarına üz verməzdi, gözü yuxarılarda idi. Anası da onun tərəfində idi, qızını ancaq varlı-hallı ailəyə layiq bilirdi. Ona görə də kişinin anası onlara elçi gələndə ağızlarını büzdülər. Anasının köhnə paltarlarından belə nə qədər kasıb olduqları, güc-bəla dolandıqları bəlli olurdu. Xanımın anası arvadın üzünə demişdi ki, “mən kasıba qız vermərəm”. Arvad yaman qürurlu idi, “verməzsən, lap yaxşı. Mənim bir də bu qapıya ayağım dəysə, üzümə lənət.”  Doğurdanda bir daha ayağı qapılarına dəyməmişdi.  Özü onun ayağına getməli olmuşdu:
    Kişini – Qədiri ilk dəfə görəndə qorxmuşdu. Pambıqlıqdan gəlirdi. Qızlardan ayrılıb, öz qapılarına burulanda görmüşdü onu. Əynində nimdaş paltar çəpərin yanında dayanmışdı. Qara, burnu donqa, arıq oğlan idi. Boyu uzun olmasaydı bir o qədər də nəzərə çarpmazdı. Amma baxışları elə idi ki... çatılmış qaşların altındaki qara gözlərdəki həmin o baxışlar idi Xanımı dayanmağa məcbur edən. Oğlan onu görən kimi daha şax dayanıb ötkəm səslə demişdi:
-           Anam dünən sizə gəlmişdi.
   Bunu eşidəndə Xanımın canına qorxu düşdü. Bir ayağını qaçaraq qoydu ki, birdən oğlan hirslənmiş olar, acığa düşüb ona nəsə eliyər. Amma oğlan heç elə fikri olan oxşamırdı. Bundan cəsarətə gəlib, cavab qaytardı:
-          Hə, gəlmişdi. Anam da cavabını verib, yola saldı.
-          Kasıba niyə gəlməzsən?
  Şıltaqlıqla çiynini çəkdi. 
-          Özümüz də kasıbıq. Təzdən gedib niyə kasıblıq çəkim? Mən də xanım kimi yaşamaq istəyirəm.
-          Sən onsuzda Xanımsan. – oğlan bunu deyib, gülümsədi.
   Xanımın da dodağı qaçdı.  Doğurdan ha, onsuz da xanım idi. İndi oğlanın üzünə daha diqqətlə baxdı. Eyni qara, arıq oğlan idi, amma bu dəfə suyuşirin gəldi. Oğlan bunu hiss edib cəsarətləndi:
-          Demirəm ki, mənə gəlsən səni xanım kimi yaşadacam, zər parçaya bürüyəcəm. Elə dilavərliyim də yoxdu. Amma səni görəndə... – oğlan sözünü bitirməmiş susdu. Gözlərini aşağı saldı.
   Xanım ürəyinin daha tez döyünməyə başladığını hiss etdi. Yanaqları allanmışdı. O da başını aşağı əydi. İkisi də səssizcə belə dayandılar. Sükutu xanımın yarışıltaq, yarı utancaq səsi pozdu:
-          And içki sənə gəlsəm, nə istəsəm onu edəcəksən.
   Oğlan gözlərini qaldırıb, ona baxdı. Ağır-ağır başını yellədi:
-          Yox, mənim hər sən deyəni etməyə gücüm çatmaz.
-          Bah! Çatmaz, çatmaz da! Onda nə yapışmısan məndən?! -  Xanımın əsəbdən yanaqları pörtmüşdü. Belə daha gözəl görünürdü.
    Oğlan gözlərini ondan çəkə bilmirdi, dili qurumuşdu. Xanım  isə artıq onun hər dediynə etiraz edən bu kobud oğlanı orda qoyub evə girməyə hazırlaşırdı. Özünü şax tutub, həyətə addımlayanda tələsik deyilmiş sözlər onu saxladı:
-          Çox şey yox, sənə güllü don ala bilərəm. Hər il!
   İndi bu təklifə için-için gülürdü, amma 16 yaşlı Xanım üçün hər il bir don almaq böyük şey idi. Bu kasıb oğlanın sözünün üstündə dura bilməyəcəyinə əmin idi. Lakin onunla razılaşdı. ! həftə keçməmiş Qədir onu qaçırdı. Həmin gündə onu indi bağrına basdığı çit parçadan donu verdi. Sevinmişdi. Anası isə elə hirslənmişdi ki, qızının qaçmasına nəinki cehiz vermişdi, öz paltarlarını belə həyətə töküb qonşuların gözünün qabağında yandırmışdı. Təzə evlilər kasıblıqdan əziyyət çəkirdilər, əyin-baş almağa imkanları çatmaması bir yana, üç öynəni yeyə bildikləri gün Allaha şükür edirdilər. Xanım nə qədər peşman olmuşdu, tez-tez özünü danlayır, axmaqlığına lənəq oxuyurdu. Ta ki, evləndiklərinin birinci ilində çarpayısının üstündə qatlanmış təzə güllü don tapana qədər... Sonraki il üçüncü, sonrakında dördüncü, beşinci... Vəziyətləri düzəldikcə qiymətli ətəklər, koftalar, ayaqqabılar, şallar alırdı, amma  güllü donlar hər il onu həmişəki yerində gözləyirdi. Sandıqdaki donların sayı artıqca, illər keçdikcə daha da bağlanırdı bu sərt baxışlı, qaradinməz kişiyə. Uşaqlardan sonra şıltaqlığı keçmiş, qadın ağırlığına sahib olmuşdusa da, bəzən yenə əvvəlki şıltaqlığı tutur, bilə-bilə kişini cinləndirirdi. Tez-tez dalaşıb, elə tezcənə barışırdılar. Uşaqları belə onların bu halına öyrənmişdi, arada bir aralarındaki “eşqi-məhəbbət”ə işarə vurur, xısın-xısın gülürdülər. Bircə güllü donların sirrlərindən xəbərləri yox idi...
   
      Hava işıqlaşmağa başlayırdı. Donları eyni nəvazişlə qatlayıb bir-bir yerlərinə qoydu. Sandığın qapağını örtüb qıfılı kilidlədi. Asta-asta yeriyib çarpayısına uzandı. Qonşu otaqlardan məktəbə hazırlaşan nəvələrinin səs-küyü yüksəlməyə
 başlamışdı. Yenə sonbeşik yerindən qalxmamaqda israr edir, bir az daha yatmaq üçün yalvarırdı. Nazik dodaqlarına təbəssüm qondu – onun adını Qədir qoymuşdular...

Cəmilə Məmmədli

Hiç yorum yok: