İnandığımız "nağıllar"…
                Biri var idi, biri yox idi. Feysbukda  yenə Arizona kərtənkələsini əjdaha qələmə verən bir ovuc insan var idi…
                Dünəndən bu günə feysbuk aləmi bir jurnalistin paylaşımı ilə çalxalanır:  iddiaya görə müəllim tərəfindən birinci sinif şagirdinə yay oxusu üçün verilən Azərbaycan xalq nağılları kitabı və kitabdakı orfoqrafik “səhvlər” və mövzusu.  Sözügedən kitabı şəxsən oxumuş biri olaraq qətiyyətlə deyə bilərəm kki, həmin kitabın heç bir yerində “uşaqlar üçün” yazılmayıb, qətiyyən dərslik deyil. Hər bir nağılı danışan şəxslərin adları kitabın sonundakı siyahıda yer alır və hər biri 70 yaşını keçmiş, müxtəlif rayonlarda yaşayan nənə-babalardır. Kitabın məqsədi də budur: folklore nümunələrini elə xalq diliylə yazıya köçürmək.
Yaxşı, orfoqrafik qaydaları qoyduq qırağa, bəs mövzu? Heç “mıncıx”dan hamilə qalan qız haqqında nağılmı olar?
Olar.
                Gəlin, əvvəlcə xalq nağılları ilə bağlı inandığımız bir neçə “nağıl”a nəzər salaq:
- Dərsliklərə yazılan kiçik hekayələrlə, şifahi xalq ədəbiyyatı nümunəsi olan nağıllar eynidir.
Gerçək: Deyil, canım, deyil. Dərslikdə yazılanlar pedaqoqlar tərəfindən uşaqların yaş və psixologiyasına uyğunluğu yoxlanılmış hekayələrdir. Nağıllar isə əsla uşaqlar üçün olmayan, hər xalqdan dildən-dilə bu dövrə gəlib çatan incilərdir.
- Nağıllar uşaqların təlim-tərbiyəsi üçün yazılmış nəsihətamiz yazılardır.
Gerçək: Nağıllar televizor və internet olmayan dövrlərdə böyüklərin əyləncəsi idi.  Uzun qış gecələrində, yaxud məclislərin axrıında sinə dəftər bir qoca irəli çıxıb ulu nənə-babasından eşitdiyi nağılları gah öz sözləri ilə bəzəyib, gah da yaddan çıxan yerlərini uyduraraq danışırdı. Maksimum, son 4-5 əsrdir uşaqlar üçün nağıllar yazılır.
- Mitoz bölünməylə çoxalıb, şiddət vasitəsi kimi ancaq bir-birinə zəncir otu çiçəyi toxumları atan xalqımızın nağıllarında intim mövzulara və şiddətə yer yoxdur!
Gerçək: Hər bir xalqın orijinal nağıllarında şiddətə və intim münasibətlərə yer vardır. Nə edək, min illər əvvəl insanlar həyatın gerçəklərinə gözlərini yummayıblar. Hər bir cinayət xəbərinin 5 dəqiqə ərzində bütün ölkəyə yayıldığı dövrdə buna inanmaya bilərsiniz, amma bəşəriyyət tarixinin ən az şiddət və təcavüz olan dövründə yaşayırıq. Buna baxmayaraq, izlədiyimiz filmlərdən tutmuş, dinlədiyimiz mahnılara qədər hər yerdə şiddət və intim münasibətlərdən bəhs edilir. Nağıllar niyə istisna olsun?
- Nağıllar bir varianta və səliqəli şəkildə yazılır.
Gerçək: Nağıllar, yəni əsl nağıllar yazılmır. "Şifahi xalq ədəbiyyatı"ndakı "şifahi" sözü buna işarədir. Folklor nümunələri yazıya köçürüləndə danışanın diliylə, bir hərfə belə toxunulmadan yazılır. Həmçinin, eyni nağıl bölgədən-bölgəyə forma dəyişir. Hətta eyni nağıl müxtəlif xalqların folklorunda  başqa-başqa adlarda yer ala bilər. Ağızdan-ağıza dolaşmaqla yaranan bir şeyin sabit və özünəməxsus olduğunu düşünməməliyik.
- Mükəmməl xalq olduğumuz üçün, nağıllarımız da ancaq qəhrəmanlıq və mərdlik üzərində yazılıb.
Gerçək: Cırtdan sırf bir tikə çörək verib deyə hər kəsə əmr yağdıran meqalomandır, Məlikməmməd öz doğma qardaşlarını öldürdü, Göyçək Fatma inəyə çevrilmiş qardaşının kəsilməyinə göz yumdu, ki bundan əvvəl də həmin inəkdən yağ- bal içdiyini unutmayaq. Və bunlar Azərbaycan xalq nağılları içərisində hər kəsin əzbərdən bildiyi, “uşaqlar üçün” olduğuna şübhə etmədiyi nağıllardır. Azərbaycan xalq nağılları, şərq nağılları ailəsinə məxsus geniş mövzudur. Yarpaqdan hamilə qalan qızlardan tutmuş, divləri aldadan Keçələ, kişi cildində şah qızıyla evlənən Nərqızlara qədər bir çox obrazla rastlaşa bilərsiniz.


Hər bir xalqın nağılı həmin dövrdəki reallığı əks etdirir. Dini, tarixi kitablarda görə bilməyəcəyiniz reallığı. Bir xalqın, dövrün psixologiyasının, düşüncəsinin reallığını. Məsələn, Qız Qalası nağılında şah öz qızıyla evlənmək istədiyini oxuyub "pazooor!" Deyə çığırmaq istəyə bilərsiniz, amma reallıq budur ki, bu torpaqlarda Zərdüştlük dövründə atanın qızla evlənməyi adi hadisə idi. Bu tək bizim, Şərq nağılları üçün səciyyəvi deyil, Hans Andersonun, Qrim qardaşlarının “redaktəsindən” keçməmiş Qərb xalq nağıllarına da bir nəzər salın: Şəhzadənin təcavüz etdiyi Ağbəniz, ögey anası və bacılarını qaynar dəmir ayaqqabılarla rəqs etdirən Sindirella, ifritə qarının bişirib yediyi Hansel və Qratel və s.
Əl-qərəz, nağılların uşaqlar üçün olduğu inancının özü də böyük bir nağıldır.
Nağıllar, təəssüf ki, çap maşınının icadından bəri qan itirən, son bir-iki əsrdir kliniki ölüm keçirən şifahi xalq ədəbiyyatı janrıdır. Artıq yeni nağıllar yaranmır, yaranmayacaq. “Nağıl” deyə ortaya çıxan imitasiya, “çin malı nağıl”lara aldanmayaq.

Nağıllar oxuyun, xanımlar və cənablar.  Bəyənməsəniz də, sizin indiki doğrularınıza, mədəni səviyyənizə uyğun gəlməsə də, nağıllar bir dövrün insanlarını əks etdirir. Nağıllardakı obrazlar bizim nənə-babalarımız, inandıqları, düşündükləri və arzuladıqlarıdır.  Qətiyyətlə demək olar ki, nağıllar ən qədim psixoloji əsərlərdir.
Beləliklə, göydən üç alma düşdü: biri nağıl nədir bilməyənlərin başına, biri nağıl bəyənməyənlərin,  biri də nağıl deyənin…

Hiç yorum yok: