Uzun müddət sonra yeni bloq yazısı ilə qarşınızda.
Həmişəki kimi dünya əhəmiyyyətli, cəmiyyətimizin və dünyanın inkişafına yön verəcək bir məsələni müzakirə edəcəyik: Xoşlanma.
Xoşlanma nədir, necə edilmir və For God`s sake, necə edilməməlidir - addım-addım.

1.       Əvvəlcə xoşlanılacaq obyekti seçirik.
mükəmməl sevgilinin doğuşu

 Qəti şəkildə 18 yaşdan böyük, mümkünsə canlı və insan olmağına diqqət etməliyik.insan deyəndə, cinsiyyəti, forması, rəngi, irqi və dırnaq forması böyük əhəmiyyət kəsb etmir. Bircə, çeçelə dırnağını uzadan olmasın. Bəşəriyyət naminə, onların kökünü kəsməyə siz də dəstək verin. Sonra gülüşü gözəl, sözü şirin, çox ağıllı, mədəni, dünya görüşlü... Ah, kimə kələk gəlirik? Sadəcə beynimizdə hormonların Holi bayramı keçirdiyi anda təsadüfən orda olan bəxtsizin biri. Allah onun bəlasını versin.

2.       Xoşlandığımızı anlayırıq.
-səninki gəldi.
- bəsdi əə (ay hdi inşllh)

Hədəfimizi seçdik, amma sizin xəbəriniz yoxdur. Çünki bu işlər belədir, əzizim. Xoşlanacağımız insanı seçmək şansımız olsaydı, dünyanın 90%-i genlərinin yaya bilmədən dünyadan köçərdilər. Kaş... Faşizmi qoyaq kənara, indi ondan xoşlandığını anlamalısan. Təbii, buna qədər gündə 77 dəfə adını ağlından keçirmək, hər görəndə fındıq görmüş Buz Dövründəki sincab kimi sevinmək, gözlərini ayıra bilməmək filan, yanında dünyanın ən iyrənc zarafatlarını etmək və daxilən ölmək... Yəni ərgən qız eşq hekayələrindəki bütün addımlar - ən az o qədər səfeh və bir o qədər dramatik. Jeton düşəndə utancdan gəbərəcəyin şeylər yəni.

3.       Xoşlanmağı gizlətmək.
yerin düz olduğunu de, xoşlandığını demə.

Xoşlandığını başa düşəndən sonra mütləq onu gizlətməlisən. Çünki insanların nifrət qrupları qurduğu, yerin düz olduğuna inanların kosmosa roket göndərmək istədiyi, sosial mediada “də”ni ayrı yazmadı deyə hər kəsin bir-birini “klavişlədiyi” dünyada xoşlanmaq və bunu hiss etdirmək cinayətdir. Yəni İŞİD militanları belə sənə üstdən aşağı baxar, hisslərini ifadə etsən. Həmin şəxsə o qədər adi, soyuq davranmalısan ki, bir –birinizə “sən”dən “zati-alilərinizə müraciət etmə şərəfini mənə bəxş etməyiniz ümidi ilə”yə keçin.

4.       Addım atma
Tuncel və Emine = əsrin eşqi

Birindən xoşlananda qarşı tərəfində səndən xoşlanmağına ehtiyac duymaq axmaq şeydi. Yəni öz yağımızda qovrulsaq, xəyalımızda evlənib- elə xəyalımızda boşansaq, alimentlə filan boğuşmasaq? Nç, mütləq qarşı tərəfə varlığımızı hiss etdirməli və ən azından bir leyli-məcnun, boni-klayd, tuncer-emine sevgisi yaşamalıyıq. Buna görə ac qurdlar kimi hədəfin yanında fırlanmaq, kiçik hədiyyələr vermək, hər fürsətdə göz təması qurmaq lazımdır. Göz təması deyəndə, 3-5 saniyəlik normal baxışmalardan söhbət getmir. Mümkünsə qarşı tərəfə “İnşalllah, məni öpmək yox, öldürmək istəyir” düşündürəcək minimum 25-30 saniyəlik baxışmalardan danışırıq burda.

5.       Uzaqlaşma.
- salam
- Məşğulam, bu mesajı 15 nəfərə göndərməliyəm.

Addım yox, marafon düzəltdik və qarşı tərəf marağının sıfır, rəqəmlə 0 olduğunu hiss etdirdi. Nə etməliyik? Normal insanlar kimi hisslərimizi açıq-açıq etiraf etməliyik? Hell no! Kimsə yanımızda həpçürəndə ağız büzüb, tək qalanda burnumuzdan çıxanlardan top düzəldib çırtmayla uzağa tullayan insanlarıq biz. Dürüstlük bizim nəyimizə lazım? Belə halda quyruğu dik saxlamalı və özümüz uzaqlaşmalıyıq. Qarşı tərəfə elə vecsiz davranmalıyıq ki, cinayət işlədiyini düşünsün. Elə yox saymalıyıq ki, öz varlığını sorğulasın. Elə görməməzlikdən gəlməliyik ki, saatda 120 ilə gələn maşınla üstündən keçib “aa, bağışla, görmədim” deyə bilməliyik....

6.       Təslim olma.
sevmədi.

Bütün bu addımlardan sonra tək çarənin etiraf olduğu mərhələyə gəldik. Bunun necə böyük  cinayət olduğu adından bəllidi – eşq etirafı. Elanı, bildirməsi yox, dümdüz etiraf. Mən və yaxın dostundan tutmuş, tində külçə satan xalaya qədər bu hekayədən xəbəri olan hər kəs bir sözü deyəcək: Etmə! Və edəcəksiniz. Barı ən düzgün üsulla edin. Yetkin insanlar kimi çay və ya kofe içməyə çağırıb, hər şeyi açıq-açıq demək? Nəsən sən, fransız əsilzadəsi? Başqasına dedirtməkdən tutmuş, “1 aprel” zarafatı bəhanəsiylə yazmağa qədər yüzlərlə üsul var. Şəxsən, mən vərəqə yazıb daşa bükməyi və təpəsinə atmağı tövsiyə edirəm. Ani şokla o da sizə aşiq ola bilər, ya da ölə... Amma həmişə pozitiv ehtimalı fikirləşək.

7.       Stalk – qəbullanmama
dünənin stalkeri, sabahın hakeri...

Etirafdan sonra “əslində, mənim də səndən xoşum gəlirdi, amma deməyə utanırdım” cümləsini eşitmə ehtimalımız... Manatın dolları ötmə ehtimalı kimidir. Yəni sıfır deyil, amma düşünmək belə adamı güldürür. Odur ki, ya rədd edildiyinizə, ya da “bir az vaxt” istəndiyinizə əmin ola bilərik. Nə edirik, “olmadı” deyib, həyatımıza davam edirik? Peh. Əsrin ən böyük icadı internet, internetin ən böyük icadı isə sosial şəbəkələrdir.  Bütün gücümüzlə sosial şəbəkələrdə stalk edirik – izləyirik. Hara gedib, nə içib, nə geyinmişdi, keçən həftə də bunu geyinmişdi, yumurmu, şəklini bəyəndiyi əyrimçə kimdi, rəylərdə yazışdığı balqabaq hardan çıxdı  – hamsını öyrənirik. Mümkünsə, profil qazıntıları aparıb, ş əvəzinə w yazdığı statuslarını, çolkalı şəkillərini tapıb soyuyuruq. Amma ehtiyatlı olun, 5 il əvvəlki şəkli\statusu “bəyən”əndən sonra, tək çarə dövlət əleyhinə yazı paylaşıb, birbaşa İP-nizi internet aləmindən sildirməkdir. Elə profil bağlayıb, kəndə köçməklə təmizlənməz o ləkə.

8.       Hər gözəl şeyin sonu var.
eşq acısı...

Hər şeyin sonu var, hisslərin də. Bir səhər oyanıb ilk iş, ən son nə vaxt onlayn oluba baxmayacaqsınız, yeni tanışınıza hekayənizi 43248-ci dəfə danışanda adı üçün bir qədər duraxacaqsınız, başqa adam diqqətinizi çəkəndə xəyanət edirmiş kimi hiss etməyəcəksiniz. Dəftər bağlanacaq, hisslər öləcək, xatirələr silinəcək və geridə təkcə facebook axtarma keçmişində üst sırada adı qalacaq.
Təbriklər, artıq azadsınız. Heç bir xəsarət almadan bir xoşlanmanı daha geridə qoydunuz. Indi asanlıqla növbətisinə keçib. Bütün maddələri bir daha, yenə və yenidən yaşaya bilərsiniz. Necə? “Bir daha əsla!” sözü verdiniz? Yeah, sure...
Amma ...
Gülüşü şirindi, hə?
Al, yenə eyni şey, Allahın gerizəkalısı.

Hiç yorum yok: