Keçmiş xatirələr

   

 Məhbubə nənə ayaqlarını güclə sürüyüb nəvəsi Ayselin otağına gedirdi. Heç qapının ağzına çatmamış, bərkdən qəhqəhə eşidib diksindi. Qocalıqdan sümükləri çıxmış əlini ürəyinin üstünə qoyub “bismillah”- deyə pıçıldadı. Rayondan gəldiyi 3 ay idi, amma hələ də Ayselin bu “şəhər qızdarı” rəfiqələrinin gülüşmələrinə öyrəşə bilməmişdi. Dodaqaltı deyinib qapını açdı. Gördüyü mənzərə yenə eyni idi: otağın küncündəki kompyuter masasının ətrafına toplaşmış 3 qız bir-birinə ekranda nəyisə göstərib gülüşürdülər. Başları elə qarışmışdı ki, Məhbubə nənənin içəri girdiyini hiss etmədilər belə. Nənə səssizcə içəri keçib, çarpayıya oturdu. “Yəqin dərs oxuyurlar” deyə düşünüb, səsini çıxarmadı. Əlbətdə, axı Aysel ona dəfələrlə başa salmışdı ki, o balaca qutudan dünyanın hər yerindən xəbər almaq, ürəyin istəyən alimin yazılarını oxumaq olar. Amma vaxt keçdikcə artan səslər onu narahat edirdi. Əli ilə yenə “yel tutan” ayağını ovuşdurub, pıçıldadı:
-          Bular heç dərs oxuyana oxşamır ay balam.
Axır ki, Ayselin rəfiqəsi Fidan onun varlığını hiss edib, başını çevirdi.  Nənənin şübhə ilə onlara baxdığını görüb, Ayseli dümsüklədi.
-          Bıy, nənə sən burdaydın?
-          Hə ay bala. Gəldim görüm nağarırsız.
-          Heç, çatlaşırıq. – ağzında sözdurmaz Jalə bunu deyən kimi, Aysel ondan bir çimdik götürdü.
Yaxşı ki, o da səhv etdiyini anlayıb səsini çıxarmadı. Amma qızların bu təlaşı boşuna idi. Məhbubə nənə ətrafını qırış tutumuş xırda gözlərini onlara zilləyib soruşdu;
-          Çatdaşmax nədi a bala?
Qızlar bir-birlərinə baxıb, çiyin çəkdilər. Nənəyə deməyə tərəddüt edirdilər. Axır ki, nənəsini çox istəyən Aysel masanın üzərindəki planşeti əlinə götürüb yanına gəldi. Ekranda, ya da Məhbubə nənənin dediyi kimi “cinli güzgü”də barmağını gəzdirib, bir internet səhifəsini açdı. Göy rəngli adlar yazılmış siyahını nənəsinin gözü qabağına tutub, izah etməyə başladı:
-          Bax çat buradı nənə. O sizin dövrün məktubları kimidi. Tanımadığın adamlara məktub göndərirsən, amma saniyəsində çatır. Bax bu siyahıda da adları var.
Məhbubə nənə gözləri artıq yaxşı görmədiyindən, ekrana yaxınlaşdı. Burnu soyuq təbəqəyə toxunanda cəld geri çəkilib, dilləndi:
-          Gözüm keşmişdəki kimi deyil a bala. Çeşməksiz heç görəmmirəm… İndi belə başa düşdüm ki, bura feysbukdu?
Qızların təəccübü üzlərindən oxunurdu. Nənə onların bir-birinə baxdığını görüb, qımışdı. Belini  dikəldib, özündən razı tonda dedi:
-          Nədi? Elə bilirdiz nənə qojalıf, rayondan gəlif deyə bilmir feysbuk nədi? Ay hay! Bizim rayonda da, hər evdə bundan var. indi deyin görüm, ordan özüvüzə söygülü tapıfsız?
Aysel ağzını açmaq istəyən Jaləyə göz ağartdı.. Güya utanıb, başını əyərək dedi:
-          Yox ay nənə. Elə şeylərlə aram yoxdu, bilirsən.
Elə bunu demişdi ki, kompyuter məktub gəldiyini xəbər verən səs çıxardı. Aysel qeyri-iradı kompyuterə tərəf boylanıb, nə gəldiyini görməyə çalışırdı. Nənəsinin yanında gedib baxa bilməzdi, amma bütün fikri orda qalmışdı. Məhbubə nənə də, bunu başa düşüb başını yellədi. Üzündə narazı bir ifadə var idisə də, gözlərinin içi gülürdü. Ayselin əlindəki planşeti götürüb, dodaqucu dedi:
-          Al, burdan da baxmaq olur, hə?
Aysel bu dəfə həqiqətən utanıb, başını əydi. Bir anlıq tərəddüt etsə də, nənəsinin üzündəki o qayğıkeş ifadəni görüb planşeti əlinə aldı. 1 dəqiqə sonra üzü gülürdü. Nənəsinin də maraqla boylandığını görüb, gülümsəyərək planşeti ona uzatdı. Məhbubə nənə yenə burnuna qədər yaxınlaşdırıb, gözünü ekrana zillədi. Birdən qırmızı bir dodağın ekrandan çıxıb, onun burnunu öpdüyünü gördü. Əlindəkini havaya tullayıb, özünü arxaya atdı. Qızlar bilmirdi otağın digər küncünə uçan bahalı alətin arxasınca qaçsınlar, ya çarpayının içində eşələnib “bismillah! Bismillah!” – deyə qışqıran nənəyə kömək etsinlər, ya da bu mənzərəyə gülsünlər. Axır ki, içlərində ən soyuqqanlısı olan Fidan özünə gəlib, Məhbubə nənəyə kömək etdi. Qoca qadın əlini ürəyinin üstünə qoyub, kəsik-kəsik nəfəs alırdı. Qızları bu halı qorxutmağa başlayırdı. Yaxşı ki, çox çəkmədi.
-          Az o, hansı dəyyusun oğlu idi məni öpdü, hay?!
Jalə qaçıb, şkafın yanına düşmüş planşeti getirdi. Deyəsən salamat idi. Yenə eyni animasiyanı açıb, bu dəfə uzaqdan nənəyə göstərdi. Məhbubə nənə gözlərini ekrana zilləyib, uzaqdan gələn, öpən və təzədən yox olan qırmızı dodağı bir neçə dəfə diqqətlə izlədi. Bu cizgi filmlərə bənzəyən şeydən qorxduğu üçün pərt oldu. Hələ nəzik dodaqlarını bir-birinə sıxıb, ağlamsındı da. Amma sonra ağlına gələn fikirlə Ayselə tərəf çönüb, qaşlarını çataraq soruşdu:
-          O gedə sənə göndərib bunu?
-          Şey… Nənə, bu mutfilm kimidi e… əsli deyilki…
Qarı “hmm”layıb, bic-bic gülümsədi. Başından sürüşmüş şalı düzəltməyə başladı. Pərt olub, susmuş qızlar güclə onun “indiki cavanların öpüşü də mutfilmdi” dediyini eşitdilər. Jalənin dözə bilməyib “necəki ay nənə? sizdə necə idi?” deməsi ilə, Məhbubə nənə cəld ona tərəf çöndü. Işıl-işıl yanan gözlərini aşağı dikib, şalının ucu ilə ağzını örtdü. Təzə gəlinlə kimi əzilə-büzülə:
-          Bizdə nejə olajax ay bala. Elə şeylər bilmirdik biz… Amma ki…
-          Nənə?! – deyə Aysel təəccüblə utandığı bəlli olan nənəsinə baxdı.
-          Danışın xahiş edirik, maraqlıdı.
Məhbubə nənə “sakit qız” olan Fidanın sözünü yerə salmayıb, boğazını arıtlayaraq danışmağa hazırlaşdı. Otaqda onlardan başqa heç kəs olmasa da, səsinin alçaltdı:
-          O vaxtı mənim 15 yaşım varıydı. Özümdə gözəl-göyçəy qız idim. Baxanın gözü qalırdı. Bizim kəndə bir dənə Şamil adında gəşşəy oğlan varıydı. Kəndin bütün qızları ondan ötrü sino gedirdi. Belə uzun, şumal oğlan idi. Şəvə kimi qara qaşı-gözü varıydı. Bir gün mən bulaqdan gəlirdim, bir də gördüm bu gedə yolumu kəsif. Məndə abırlı-həyalı qızam, tez istədim yolumu dəyişəm. Amma haradı? Ordan sonrası daşlıx-qayalıx. Keçi dörəm ha, tullanıf qaçam. Səhəngi əlimdən hazır tutmuşam ki, nəsə desə atım təpəsinə, qaçım. Incafara o da sakit durmuşdu. Eləjə mənə baxırdı. Gördüm bu məni gejəyə kimi burda saxlayasıdı, qaş qaralır. Səsimi ötkəm eliyf, dedim ay adam, nə kəsmisən yolumu? Bə bu mənə nə desə yaxşıdı?
-          Nə? Nə dedi nənə?
-          Hə, nə dedi Məhbubə xala? Danışın!
Məhbubə nənə qızların diqqətlə ona qulaq asdığını görüb, qımışdı. Bilərəkdən vaxtı uzatmaq, onları maraqda saxlamaq üçün jiletini düzəltdi. Hələ yalandan öksürdü də. Artıq qızların yalvaran gözlərlə baxdını görəndə isə ürəyi dözmədi. Qızlar onu daha yaxşı eşitmək üçün yaxına gəlsə də, səsini biraz daha alçaldıb davam etdi:
-          Həəə… dedim niyə kəsifsən yolumu, o da dedi ki bəs mən səni istəyirəm. Səni Gülsüm xalanın nəvəsinin toyunda görmüşəm, ürəyimə yatıfsan. Qurudum qaldım eləcə. Özümün də könlü ondaydı, amma qız uşağı gərəy özünü ağır aparsın. Qaş-qabağımı töküb, elə bağırdım ki yazıx gedə diysindi. Dedim ayə, mən elə-belə qızlardan döyüləm e, bir quruca “istəyirəm”ə könlümü verim. Istəyirsən lap yaxşı, anan gəlib məni anamdan istəyər. Bir qız, bir oğlanındı. Elə bunu demişdim ki, deməz olaydım. Gədə mənə yaxın gəlməzmi? Mən gedirəm, bu gəlir. Mən də haraya kimi gedim? Hər yer daşlıx. Elə dayanıb nəfəsimi dərməy istəyirdim ki, gördüm bu yanımda bitdi. Heş gözümü açmağa macal tapmamış bi dənə maç elədi ki…
Jalə gözlərini geniş açıb, həyacanlı şəkildə dedi:
-          Dodaqdan?!
Elə o an dediyinə peşman oldu. Məhbubə nənə “vaxsey!” – deyə qıy vurub, əli ilə ayağını döyəclədi. Qorxudan rəngi ağaran Jaləyə qəzəbli baxıb, bağırdı:
-          Ay bala nə dodax?! Estağfrullah de! Məni də, özünü də günaha batırma! – deyib, səsini alçaltdı – yanaxdan… yanaxdan öpüb, qaşdı dəyyus oğlu.
Aysel nənəsinə heyran-heyran baxıb, pıçıldadı:
-          Babama bax sən! Cavanlıqda yaman olub.
Məhbubə nənə rəhmətlik ərini  xatırlayıb, üz-gözünü qırışdırdı. Özündən 17 yaş böyük, bir yaraşığı olmayan ərini sevə bilməmişdi. Ağlına gələn pis xatirələri qovmaq üçün başını yelləyib, dodaqucu dedi:
-          Sənin babanın cavanlığı da, qocalığı kimi bir matah olmayıf.
Fidan:
-          Babanın adı Şamildi ki?
Onun sualından sonra üçü də gözlərini nənəyə dikdi. Məhbubə nənə isə bic-bic gülən gözlərlə onlara baxıb, güya heç nə anlamamış kimi çiynini çəkdi. Qızlar öz aralarında gülüşdülər. Aysel nənəsinə sıxılıb, qolunu çəkişdirməyə başladı:
-          Nənə! Nolar, yenə danış!
Məhbubə nənə özünü naza qoysa da, Fidanla Jalə də bu yalvarışlara qoşulanda dözmədi.Biraz qabağa əyilib, səsini mümkün qədər alçaldıb, danışmağa başladı:
-          Hə, hardasa 50-60 il qavax, bizim kəndə Alış kişinin nəvəsinin toyu idi. Mən də geymişdim ən gəşşəy donumu…

       *****
Qızlar tərəfindən unudulan kompyuter isə artıq kim bilir, neçənci dəfə məktubun gəldiyini xəbər verirdi. Amma Məhbubə nənənin pıçıltısını eşidə bilmək üçün qulaqlarını şəkləyən qızlar, nədənsə onu eşitmirdi….

1 yorum:

  1. Əla ,Cema :)
    Blogun da mübarəkdir. Bol - bol yaradıcılıq arzulayıram!

    YanıtlaSil