Bu hekayəni çoxdan yazmış olsam da, bugün ölən və son anlarında mənə inanılmaz sevgi göstərən pişiyim Elvisə itfah edirəm... Heyvanları sevin, çünki onlar sizi sevir...



                         Sirkə.
   Gəlin, sizə Sirkədən danışım: Sirkə ala-bula, balaca, tünd yaşıl gözlü bir pişik idi. Belə baxanda gördüyümüz bütün pişiklərdən bir o qədər də fərqlənmirdi. Elə onu fərqləndirən görünüşü yox, davranışları idi. Bunu daha yaxşı anlamağınız üçün gərək sizə onun ad qoyulma tarixçəsini danışım. Hə, Sirkə üçaylıq olanda və təbii ki, o vaxt hələ adı “Sirkə” deyildi, Aysun adlı 9 yaşlı bir qızla rastlaşdı. Aysun məktəbdən gəlirdi, pişikciyəz də lap balaca vaxtı anası tərəfindən atılmış bütün küçə pişikləri kimi yol kənarındakı zibilliklərdə eşələnirdi. Aysun pişikləri bir o qədər də sevməzdi, amma bu balaca pişik çox xoşuna gəldi. Çox qorxsa da, yavaşca ona yaxınlaşıb, qucağına aldı. Məktəbli formasının jiletinə büküb evinə gətirdi.
   Anası, heç pişikciyəzə baxmadan onu evdə saxlamağa icazə verməyəcəyini söylədi. Aysun, ciddi-cəhdlə anasını dilə tutmağa çalışırdı, amma “biti var yəqin, tük tökəcək, hər gün gəzdirmək lazımdı, kim onun yeməyini vaxtlı-vaxtında verəcək?” kimi kəskin dəlillərə qarşı edə bildiyi tək şey “axı o şirindi!” demək idi. Beləcə, onlar  mütləq ananın qalibiyyəti ilə nəticələnəcək mübahisələrini edirdilər ki, mətbəxdən səs gəldi. Anası, “vay” deyə çığırıb, özünü mətbəxə atdı. Ağlına gələn olmuşdu: pişikciyəz, ananın turşu qoymaq üçün stolun üstünə qoyduğu əşyaların arasından şüşədəki sirkəni tapmış və yerə salmışdı. Necə etmişdisə, hələ bir özünü də sirkə ilə islatmağı bacarmışdı! Ana, hirslənib onu qovmaq istəyirdi ki, pişikciyəz onu görüb qaçmaq üçün pəncəsini irəli qoyub dartındı. Amma, niyəsə dayandı. Dilini astaca tükləri islanmış pəncəsinə yaxınlaşdırdı. Vay! Dilinin ucu dəymişdi ki, özünü geriyə atdı. Balaca gövdəsi müvazinətini saxlaya bilməyib, arxaya dombalaq aşdı. Ay aman, indi ki, lap özünü yerə dağılmış sirkəyə buladı! Guya az əvvəl yıxılan bu deyilmiş kimi, pəncələri üstünə qalxıb, quyruğunu dikəldi. Bir-iki addım getməmişdi ki, duruxdu. Bu səfər də nəsə xoşuna gəlməyən bir şey tapmışdı: çəhrayı burnunu irəli uzadıb havanı qoxladı. Qoxlaya-qoxlaya axır ki, öz kürkünə çatdı. Birdən fınxırıb, başını arxaya atdı. Amma yox, bu dəfə yıxılmadı ki! Elə yıxılsaydı, ondan yaxşı idi... Yazıq pişikciyəz sirkə iyindən qurtulmaq üçün mətbəxdə qaçmağa başladı. Amma, hər dəfə dayandığında yenə öz kürkündəki sirkə qoxusu burnuna gəlir və qaçmağa başlayırdı.
   Aysun, mətbəxə girəndə belə bir mənzərə ilə rastlaşdı: tükləri islanıb bədəninə yapışmış pişikciyəz, gah qaçır, gah dayanırdı, arada bir də müvazinətini saxlaya bilməyib yıxılırdı, ana isə bu mənzərəyə qarnını tutub gülürdü. Beləcə, ana, pişikciyəzin evdə qalmasına icazə verdi və adını “Sirkə” qoydular. Elə bilirsiniz bununla qurtardı? Ay-hay! Hələ bu Sirkəni sirkədən qurtarmaq üçün çimizdirmək var axı! Elə bu da asan keçmədi: Sirkəni ilıq suya salmışdılar ki, əllərindən qaçmağa çalışdı. Anası olmasaydı, Aysun yəqin ki, heç onu şampunla köpükləndirə də bilməyəcəkdi. Hələ bir yandan Sirkəni vannada saxlamağa çalışıb, bir yandan da qulağına su getməməsinə çalışmaq lap əziyyət idi! Təzəcə yuyub, qurulamağa çalışırdılar ki, Sirkə əllərindən qaçıb, hamamın kandarında dayandı. Balaca, çəhrayı dilini çölə çıxarıb, kürkünü başdan-ayağa yalayaraq yenidən təmizlədi. Aysun belə başa düşdü ki, bəs, Sirkə onların yumağını bəyənməyib. Bir az incidi də buna görə, amma niyəsə, anası buna da gülürdü.
    Hə, bu hələ yaxşı günləri idi. Sonrakı günlərdə aydın oldu ki, Sirkə, heç də sözəxan deyil. Belə ki, birinci gündən anası Sirkəyə evə girməyə qadağa qoymuşdu: o ancaq eyvanda ola bilərdi. Əlbəttə, hava o qədər də soyuq deyildi və eyvan da pis sayılmazdı. Amma heç üstündən bir saat keçməmiş, Sirkə bu qaydanı pozdu. Lap arsızcasına pozdu. Ailənin bütün üzvləri televizora baxanda eyvan qapısından içəri keçib, quyruğunu dik tuturaq yeridi. Televizorun qabağındaki xalçaya yaxınlaşıb, birdən-birə yerə sərildi. Bu elə ani olmuşdu ki, heç ana da etiraz edə bilməmişdi. Beləcə, qərara gəldilər ki, bəs Sirkə qonaq otağına gələ bilər, lakin, yemək yeyiləndə eyvana çıxmalıdır. Növbəti gün Sirkə onlar yemək yeyən vaxtı öz qabında toyuq sümüklərini gəmirirdi. Eh, axı, şirin, balaca bir pişik iri gözləri ilə şüşə eyvan qapısından ona baxanda kimin boğazından çörək keçər?! Artıq Sirkə təkcə mətbəxə girməməli idi. Girdi. Yaxşı, yemək bişiriləndə mətbəxə girməyəcəkdi. Ancaq bişiriləcək ətdən yaxşı bir tikə alandan sonra. Daha tək keçilməz qadağa yataq otaqlarına girməmək idi. amma, bir həftə sonra Aysun gözlərini açanda bap-balaca, çəhrayı bir burun gördü və təbii ki, bu burunun sahibi Sirkədən başqası ola da bilməzdi...
   Günlər keçdikcə Sirkə evin tamhüquqlu üzvünə çevrilirdi. Hətta, bəzən o qədər ağayana, lovğa hərəkət edir ki, bəs, deyərdin, ev sahibi budur, aysungil qonaqdırlar. Sirkə bəzən yumuşaq əşyaları cızsa, tez-tez kiminsə yatağına girsə də, heç kəs şikayətlənməyə cəsarət etmirdi. Sirkənin hökmranlığı hər şeydə hiss olunurdu. Balaca bir pişikciyəzə görə həddən artıq çox lovğa idi. Amma, elə çox keçməmiş hamı başa düşəcəkdi ki, bu lovğalıq boşuna deyil.
  Bu hadisə Sirkə gələndən, daha doğrusu evi işğal edəndən bir ay yarım sonra baş verdi. Aysun, məktəbə getməyə hazırlaşanda, arada bir etdiyi kimi Sirkə də onu ötürmək üçün yola çıxdı. Bu olduqca nadir hadisə idi və bu şansı itirməmək üçün bir qaydaya əməl etmək lazım idi: Sirkənin qabaqda getməsinə icazə vermək. Aysun da valideyninin sözündən çıxmayan ağıllı uşaqlar kimi sakitcə Sirkənin dalınca gedirdi. Məhəllələrindən çıxmağa az qalmış, bütün məhəllə uşaqlarının həm ondan qorxub, həm də hər fürsətdə daşa basdıqları tükləri dökülmüş, arıq, qoca köpək qarşılarına çıxdı.  Yarısı düşmüş dişlərini onlara qıcayıb, xırıldadı. Aysuna qalsa, elə indicə evə qaçardı. Amma, Sirkənin halına təfavüt etmirdi. Elə bil qarşındakı iri bir köpək yox, yenə Sirkənin qarşısında ona yağlı tikə vermədən kolbasa yeməyə cəsarət edən Aysunun kiçik qardaşı idi. Tüklərini qabardıb, pəncəsini irəli qoydu. Köpək artıq xırıldamırdı, amma dişlərini göstərməkdən də çəkinmirdi. Bunu görən Sirkə, o biri pəncəsini də irəli qoyub, az qala köpəklə burun-buruna qaldı. Aysun çığırmağa hazırlaşırdı ki, birdən bir zingilti qopdu. Balaca Sirkə, pəncəsini köpəyin üzünə keçirmişdi! Köpək, zingildəyə-zingildəyə qaçıb, getdi.
   Bu qəhramanlıq heç Aysun məktəbdən gəlməmiş bütün məhəlləyə yayıldı. Artıq Sirkə tək öz evində yox, bütün qonşuların evində ağa idi. Belə ki, aysungil hər gün həsrətlə Sirkənin onu min cür naz-nemətlə yedirən, tumarlayan qonşulardan bezib evə gəlməsini, özünü televizorun qabağındakı xalının üstünə sərməsini səbirsizliklə gözləyirdilər!
   Bax, Sirkə, belə Sirkə idi...



Hiç yorum yok: