Bir qadın var idi...


Bir qadın yox idi...
Bir qadın var idi...
Açdı gözlərini
Uzatdı əllərini.
Büzdülər ağızlarını,
Çevirdilər üzlərini.
"Oğlan deyil" dedilər...
Oğlan olmamaq yükünü,
Bir günlük körpəyə yüklədilər...

Bir qadın yox idi,
                       ya da var idi.
Beş yaşı olmazdı,
                      ya da olardı.
Ağzın əydi xalası,
Gözün süzdü xalası,
Nırçıldadı nənəsi,
Bir çimdik qoparıb
Pıçıldadı anası:
Düz otur, bağla ayaqlarını,
                        saxla abır-həyanı!

Bir qadın yox idi, ya var idi?
15 yaş olduğu hələ dünən idi.
Aynaydı düşməni, ya sirdaşı,
Xoşuna gəlmirdi gözü, burnu, qaşı.
Kiçik olmalılar,
                        niyə böyük idi?
Böyük olmalılar,
                       axı, kiçik idi.
Qaməti əyridirsə, döşü niyə dik idi?
Qısdı çiyinlərini,
Çatdı qaşlarını.
Sildi yaddaşından
O baxışlarını.


Bir qadın var idi, yox, iki idi!
Onu görəndə necə sevindi!
Qürrələndi atası,
Kövrəldi nənəsi,
Fərəhləndi babası,
Əmisi, dayısı,
Xalası, bibisi.
Axı, dünyaya gəlmişdi birisi...
Bir qadın var idi, oldu ikisi.
Bir insan var idi, oldu ikisi.

16.10.2017
Cəmilə Məmmədli

Hiç yorum yok: