Cemal Süreya - Sevgini ən yaxşı tərənnüm edən şair...


Cemal Süreya
Hər bir insanın bir kitabla, yazıçı ilə tanış olma hekayəsi var. Mənim Cemal Süreya ilə tanışlığım onun vətəni Türkiyədə baş tutdu. Türkiyə səyahətim zamanı alış-veriş mərkəzlərinin birində kitab bölməsində gəzişirdim. Boyumun qısalığından əlim bir kitaba çatmadığı üçün ətrafa boylandım və yaşlı bir kişi kömək lazım olub-olmadığını soruşdu... Beləcə, iki fərqli dövlətdən olan, fərqli dillərdə danışan, fərqli əsirlərin adamları olan bu iki insan arasında bir körpü quruldu –kitab körpüsü. Bir-bir yuxarı rəflərdəki kitabları götürdü və hər biri, yazarı haqqında qısa söhbət etdik. Növbə Cemal Süreya və onun “Sevda sözləri” kitabına gələndə kitab yoldaşım bu ifadəni söylədi:
-      -    Sevgini ən yaxşı tərənnüm edən insan.
Bu an həmin kitabı vərəqlədikcə həmin kitab yoldaşımın nəyi nəzərdə tutduğunu çox yaxşı anlayıram.
Bəs, “sevgini ən yaxşı tərənnüm edən adam”, yəni Cemal Süreya kimdir?
Cemal Süreya(Cemalettin Saber) 1931-ci ildə Tunceli, Pülümürdə dünyaya gəldi. Uşaqlığını Erzincanda keçirən şair, 1954-cü ilde Ankara universiteti Maliyə və İqtisadiyyat fakultəsini bitirdi. Türkiyənin Maliyə nazirliyində müfəttiş köməkçisi və müfəttiş vəzifələrində işləyib. 1965-ci ildə müfəttişlik vəzifəsindən ayrılsa da, 1971-ci ildə yenidən ona qayıdıb. 1960-cı ildə nəşr etdirməyə başladığı “Papirus” ədəbi jurnalının cəmi 4 sayı dərc edilib. 1966-1970-ci illərdə 47, 80 və 81-ci illərdə isə cəmi  2 sayı dərc olunub.  Sonralar Türkiyənin Mədəniyyət Nazirliyində Mədəniyyət Yayımları Müraciət Qurumu üzvu olaraq çalışan Süreya, bir çox ədəbi jurnal və qəzetlərin redaktorluğunu, yazarlığını edib.
Ədəbiyyata 1953-cü ildə “Mülkiyyə” jurnalında çap olunan “Şarkısı-beyaz” şeiri ilə qədəm qoyan şair, İkinci Yeni ədəbi axımın şair və qurucularından biridir. Bir çox kitabı nəzm və nəsr kitabı çap olunub, dünya ədəbiyyatından əhəmiyyətli əsərləri tərcümə edib. 1990-cı ildə, İstanbulda vəfat etdikdən sonra üç bioqrafiyası yazılıb və onun şərəfinə “Cemal Süreya” şeir mükafatı təsis edilib.

Həyatı və ədəbi fəaliyyəti uğurlarla dolan bu şairə nə üçün “sevgini ən yaxşı tərənnüm edən insan” dediklərini bu aşağıdakı şeirdən də anlamaq olar:

Bu bizimki
Yıkıcı bir aşk bu,
Yıkıyor milletin ortasına
Tutku yükünü.

Bölücü bir aşk,
Ekmeği suyu bölüyor
Günde üç öğün.

Hain bir aşk bu,
Sizin eve hırsız girer
Onunkine polis.

Yasadışı bir aşk ,
Evlenmeyi
Hiç mi hiç düşünmüyor.

Soyguncu bir aşk bu,
En sıradan ezgilerden
Sevinçler devşiriyor.

Kökü dışarda bir aşk,
Dante ile Beatrice'inkine
Fena öykünüyor.

İşgalci bir aşk bu, 
Samanlık sevişenin diyor
Başka şey demiyor.


 Eyni zamanda aşağıdakı misralar şairin adını eşidən hər kəsin dillər əzbəridir:

Kim istemez mutlu olmayı.
Ama mutsuzluğa da var mısın?

Cemal Süreya öz dövrü üçün olduqca savadlı və dünya görüşlü şəxsiyyət idi. Xüsusilə dünya ədəbiyyatı ilə dərindən maraqlanırdı. Aşağıdakı şeirdən də görünür ki, onun bu marağı Azərbaycan ədəbiyyatından da yan keçməyib:

Küçük anne
Küçük anne, kelepir kız,
Bir şey söyle bana,
Bana bir laf et ki binlerce,
Onbinlerce görüntü anlatamasın.

Genceli Nizami'nin dediği gibi
Taşı onunla yıkasalar
Üzerinde akik biter,
Bakışların ki..

İkinci bir parıltı var senin bakışlarında
Keşke yalnız bunun için sevseydim seni.

Sonda bu dəyərli şairin anım gününə aid yazımı kədərli notlarla yox, elə türkiyəli kitab yoldaşımdan öyrəndiyim kiçik anekdotla bitirmək istəyirəm:
Əslində, şairin ilk adı Cemal Süreyya olub. Qızı nəql edir ki, şair dostları ilə mərcə girməyi çox sevirmiş. Elə bu mərclərin birində əslində soyadında iki ədəd olan “Y” hərflərindən birini uduzur. Bundan sonra soyadını “Süreya” olaraq yazmağa başlayır.

Əsirlər keçsə də, səni ildə bir gün yox,  hər misranda anacağıq, sevgini ən yaxşı tərənnüm edən şair...

Cəmilə Məmmədli

Hiç yorum yok: